Bakı, 6 fevral, AZƏRTAC
Son illərdə süni intellekt texnologiyalarının tibb sahəsində geniş tətbiq tapması ürək xəstəliklərinin erkən diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olub. Türkiyə Sağlamlıq İnstitutları İdarəsinin (TÜSEB) prezidenti və Türk Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin (TKDCD) vitse-prezidenti professor Ümit Kervan süni intellektin bu sahədə oynadığı rola dair açıqlama verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, professor süni intellektin artıq ürək-damar tibbində yalnız köməkçi vasitə olmadığını, eyni zamanda, bu sahədə əsaslı dəyişikliklərə yol açan mühüm texnologiyaya çevrildiyini vurğulayıb. O qeyd edib ki, süni intellekt diaqnoz və müalicə proseslərini sürətləndirərək onların dəqiqliyini artırır. Məsələn, süni intellekt texnologiyası ilə hazırlanmış proqram təminatı ürək çatışmazlığını 90 faizdən çox dəqiqliklə təyin edə bilir və diaqnoz prosesini 80 faiz qısaldır. Süni intellektin ənənəvi diaqnostik üsullara gətirdiyi yeniliklərdən biri də ağıllı stetoskopların inkişaf etdirilməsidir. Bu cihazlar ürək səslərini analiz edərək geniş məlumat bazaları ilə müqayisə aparır və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Bununla yanaşı, exokardioqrafiya təsvirlərinin əldə edilməsi sahəsində süni intellektin tətbiqi də əhəmiyyətli dəyişikliklərə səbəb olub. Əvvəllər bu prosesin şərhi yalnız təcrübəli kardioloqlar tərəfindən mümkün olduğu halda, hazırda süni intellektin tətbiqi ilə 90 faizlik dəqiqlik əldə edilir.
Professor Kervan süni intellektin ürək-damar cərrahiyyəsində də əhəmiyyətli dəyişikliklər yaratdığını bildirib. Xüsusilə, CT angioqrafiya müayinələrində süni intellektin tətbiqi ilə xəstənin koronar arteriyalarının virtual 3D modeli yaradılır. Bu metod tıxanma və digər problemlərin daha sürətli aşkarlanmasına, eyni zamanda, diaqnostik prosesin daha qısa müddətdə aparılmasına şərait yaradır.
Bundan əlavə, süni intellektin fərdi müalicə yanaşmalarının inkişafında da mühüm rol oynadığı vurğulanıb. Süni intellekt xəstələrin tibbi tarixçəsini, laborator analiz nəticələrini və genetik profillərini analiz edərək fərdi müalicə strategiyalarını müəyyən edə bilir. Bu yanaşma xüsusilə ürək çatışmazlığı olan xəstələr üçün müalicə effektivliyini artırır. Ürək böhranları zamanı vaxt faktoru həyati əhəmiyyət daşıdığı üçün süni intellektin bu sahədə istifadəsi insan həyatını xilas edə biləcək mühüm amil kimi qiymətləndirilir. Ü.Kervanın sözlərinə görə, süni intellekt inteqrasiya olunmuş EKQ cihazları infarkt əlamətlərini anında aşkar edərək təcili tibbi müdaxilənin daha sürətli və effektiv olmasına imkan yaradır.
Geyiniləbilən texnologiyalar sahəsində də süni intellekt mühüm yeniliklər təqdim edir. Ağıllı saatlar və digər geyiniləbilən cihazlar artıq ürək ritmi pozuntularını, xüsusilə, atrial fibrilasiyanı (AFib) yüksək dəqiqliklə təyin edə bilir. Ü.Kervan qeyd edib ki, bu cihazlar ürək xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına və preventiv tədbirlərin görülməsinə imkan yaradır.
Süni intellekt texnologiyalarının ürək-damar xəstəliklərinin diaqnozunda, müalicəsində və cərrahiyyəsində oynadığı rol getdikcə artmaqdadır. Ümit Kervanın vurğuladığı kimi, süni intellekt həkimlərin yerini tutmaq üçün deyil, onların qərarvermə prosesini dəstəkləmək və təkmilləşdirmək üçün inkişaf etdirilir. Xüsusilə, diaqnostik dəqiqliyin artırılması, fərdi müalicə yanaşmalarının inkişafı və təcili tibbi xidmətlərdə süni intellektin tətbiqi ürək xəstəliklərinin daha effektiv idarə olunmasına şərait yaradır.