AZ

Kafedə dava salan şəxsə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyuldu - HÖKM

Ağstafa Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Teymur Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulub.

 

İttihama görə, hadisə 2023-cü ildə Ağstafa rayonu Poylu kəndində yerləşən “Şirlər” kafesində qeydə alınıb.

 

Belə ki, rayonun Poylu qəsəbə sakini Teymur Məmmədov həmkəndlisi, zərərçəkmiş Ladiq Quliyevlə (şərti) pivə içdikdən sonra mübahisə edib. Bu zaman o, zərərçəkmiş şəxsi qəsdən yumruqla vuraraq əyləşdiyi stulla bərabər yerə yıxıb. Sonra təqsirləndirilən şəxs yerdə uzanıqlı vəziyyətdə olan Ladiqin sifət nahiyəsinə yumruq və təpiklə bir neçə dəfə zərbə endirərək onun alt çənə sümüyünü sındırıb.

 

Hadisədən sonra Teymur Məmmədov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 6 Fevral 2025, 09:15   
Seçilən
32
pravda.az

1Mənbələr