AZ

ABŞ və Avropa bazarları arasında səhmlər asanlıqla köçürüləcək

Fins.az - Fransanın aparıcı neft-qaz şirkəti TotalEnergies SE Amerika depozitar qəbzlərini (ADR) Nyu-York Fond Birjasında (NYSE) siyahıya alınan adi səhmlərə çevirməyi planlaşdırır.

Bu barədə The Wall Street Journal şirkətin baş direktoru Patrik Puyannenin açıqlamasına istinadən məlumat yayıb.

Puyannenin sözlərinə görə, bu addım TotalEnergies-in ikili siyahıya alınması demək olmayacaq. O bildirib ki, Paris şirkətin əsas qərargahı və yeni səhmlər üçün prioritet bazar olaraq qalacaq.

TotalEnergies bir neçə ay ərzində konversiyanın texniki detalları üzərində çalışıb və bu prosesi 2025-ci il ərzində tamamlamağı planlaşdırır. Texniki məsələlər demək olar ki, həll edilsə də, hüquqi məsələlərin tənzimlənməsi davam edir.

Puyanne qeyd edib ki, Paris və Nyu-Yorkda ticarət olunan səhmlər bir bazardan digərinə köçürülə biləcək və onların qiymətləri valyuta məzənnəsi ilə əlaqələndiriləcək. Şirkət rəhbərinin fikrincə, bu strategiya TotalEnergies-in likvidliyini artırmaqAmerika investorlarının marağını gücləndirmək məqsədi daşıyır.

"ABŞ-da neft-qaz şirkətlərinin səhmlərinə maraq Avropaya nisbətən daha yüksəkdir. Bu addım investorlar üçün daha cəlbedici imkanlar yaradacaq," – deyə Puyanne bildirib.

Puyanne əlavə edib ki, şirkətin səhmdarları arasında Amerika institusional investorlarının payı artıq 50%-ə yaxınlaşır. Bunun fonunda Avropa investorları şirkətin səhmlərini satmağa meyllidirlər. Bu tendensiya TotalEnergies-in aşağı karbonlu enerji layihələrinə etdiyi böyük investisiyalara baxmayaraq müşahidə olunur.

Maliyyə göstəricilərinə gəldikdə isə, 2025-ci ilin əvvəlindən etibarən TotalEnergies-in ADR-lərinin qiyməti Nyu-York birjasında 10,5%, Paris birjasında isə şirkətin səhmləri 8,4% artıb.

Bu addım TotalEnergies-in beynəlxalq bazarlarda mövqelərini gücləndirmək və qlobal investor marağını artırmaq strategiyasının tərkib hissəsidir.

Seçilən
1
fins.az

1Mənbələr