Fins.az - Cümə axşamı neftin qiymətləri əvvəlki sessiyada dekabr ayının minimum səviyyələrinə enməsindən sonra sabitləşib.
Londondakı ICE Futures birjasında aprel fyuçersləri üzrə Brent markalı neftin bir barelinin qiyməti 74,67 dollar olub ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,06 dollar (0,08%) yüksəkdir. Çərşənbə günü isə Brent nefti 1,59 dollar (2,1%) ucuzlaşaraq 74,61 dollara düşmüşdü.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) mart fyuçersləri üzrə WTI markalı neftin qiyməti 0,13 dollar (0,18%) artaraq 71,16 dollar təşkil edib. Əvvəlki sessiyada bu neftin qiyməti 1,67 dollar (2,3%) azalaraq 71,03 dollar səviyyəsinə enmişdi.
Bazar iştirakçıları ABŞ prezidenti Donald Trampın geosiyasi və xarici ticarət sahəsində atdığı addımları diqqətlə izləməyə davam edirlər. Ağ Evin Çin mallarının idxalına tətbiq etdiyi 10%-lik rüsum Pekinin cavab tədbirlərinə səbəb olub və bu tədbirlərin bazar ertəsi qüvvəyə minəcəyi gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ və Çin arasındakı ticarət münaqişəsinin dərinləşməsi qlobal iqtisadi perspektivləri zəiflədə bilər. Exinity analitiki Xan Tanın Market Watch-a verdiyi məlumata görə, bu proses neftə olan tələbin azalmasına səbəb ola bilər.
Sinqapurun Phillip Nova Pte broker şirkətinin analitiki Priyanka Saçdeva isə ABŞ-dakı neft ehtiyatlarının artmasının daxili bazarda artıq təklif yarada biləcəyini və bunun qiymətlərə azaldıcı təsir göstərə biləcəyini vurğulayıb.
ABŞ Energetika Nazirliyinin son məlumatlarına görə, ölkənin kommersiya neft ehtiyatları ötən həftə 8,66 milyon barel artaraq 423,79 milyon barelə çatıb. Benzin ehtiyatları 2,23 milyon barel yüksəlib, distillat ehtiyatları isə 5,47 milyon barel azalıb.