AZ

“Böyük manipulyator”

Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)

Makron fəhlələrin probleminə dırnaqarası yanaşır

Bricit Makron tez-tez zarafatla deyir ki, "Hərəkətdə!" hərəkatı əsl bir “startup”dır. (Startup – Fransız dilində əhəmiyyətli investisiya fondları axtaran, iqtisadi artım üçün çox güclü potensiala malik yeni yaradılmış innovativ şirkət.) Təbii ki, bu ritmlə gedən belə bir təşkilatda, istər-istəməz uğursuzluqlar da olur. Məsələn, prezident seçkilərinin iki turu arasında Amien şəhərindəki Whirlpool zavodu – böyük bir sənaye müəssisəsi – gözlənilmədən oradan köçürülmə təhlükəsi ilə üzləşdi. Əvvəlcə, Makron qərara gəldi ki, zavodun həmkarlar ittifaqının üzvləri ilə ticarət və sənaye palatasında görüşüb vəziyyətdən bir çıxış yolu tapsın.

Lakin Marin Le Pen zavoda gəlib, kameraların qarşısında işçilərlə görüşüb, onları dəstəkləyəndən sonra Makron da məcbur qalıb zavoda – işçilərlə görüşməyə getdi. TF1 telekanalının çəkdiyi Qələbənin pərdə arxası” sənədli filmində (Rejissor Yann Henoret) görürük ki, Makron əsəbi halda, onun zavoda səfərini hazırlayan mətbuat komandasını necə danlayır. Belə çıxdı ki, Makronun, Marin Le Pendən əvvəl Whirlpool zavodunun fəhlələri ilə görüşməməyinin günahı onun mətbuat komandasında olub və komanda da “səhvini” boynuna aldı. Ancaq bu, TF1 telekanalının kameralarının qarşısında Makronun və mətbuat komandasının oynadığı gözəl bir komediya idi.

Əslində, onun mətbuat komandası Marin Le Pendən xeyli əvvəl Makrona məsləhət görmüşdü ki, təhlükədə olan Whirlpool zavoduna gedib fəhlələrlə görüşsün. Özü Amien şəhərində doğulan keçmiş İqtisadiyyat nazirinin zavodun bu problemindən çoxdan xəbəri var. Buna baxmayaraq, prezidentliyə namizəd məsləhətçilərinə dəfələrlə demişdi ki, onun qətiyyən zavoda getmək fikri yoxdur. “Əslində, Makronun Whirlpool zavodunun fəhlələrinin bu problemi ilə məşğul olmaq fi kri yox idi. O, bu zavoda səfərini təsdiq etməmişdi. Biz ona dəfələrlə məsləhət görmüşdük ki, mütləq o zavoda gedib fəhlələrin dərdini-sərini öyrənsin, onların bu probleminə bir əlac qılsın. Ancaq o, hər dəfə “yox” demişdi. Ona görə də biz məcbur olub TF1 telekanalının kameralarının qarşısında komediya çıxartdıq, işi elə qurduq ki, guya mətbuat xidməti Makrona o zavoda gedib fəhlələrlə görüşməyi təklif etməyi unudub. Düzdür, bizim təşkil etdiyimiz sənədli fi lmdən belə çıxdı ki, Marin Le Pen bu döyüşdə məğlub oldu, amma əslində o, uğur qazandı”, – deyə kampaniyanın keçmiş üzvlərindən biri bizə etiraf etdi.

Makron kampaniyasında onu dəstəkləyən adamlardan necə lazımdır istifadə etdi, axırda da onları çirklənmiş kağız dəsmal kimi kənara atdı. Məsələn, Fransua Hollandın yaxını Robert Zarader tez-tez Makrona dəyərli məsləhətlər verdi, onun prezidentliyə namizədliyini dəstəklədi, ancaq seçkiyə bir neçə həftə qalmış məcbur qalıb ondan aralandı. Bricit Makronun xahişi ilə "Hərəkətdə!" hərəkatına qoşulan jurnalist Lorens Haim kampaniya zamanı namizədin yaxın çevrəsindəki adamlar tərəfindən dəfələrlə təhqirlərə məruz qaldı.

Ən dəhşətlisi də bu oldu ki, Makron İqtisadiyyat naziri olanda onun kabinet direktorunun müavini kimi fəaliyyət göstərən, Makronun nazir kimi verdiyi qanunların əsas müəllifi olan, onun bütün proqramlarını hazırlayan Emmanuel Lakres seçkilərin ikinci turundan əvvəl kampaniyadan qovuldu. (!) Necə ki, kampaniya proqramının təhlükəsizlik və müdafiə rəhbəri, Qrenobl şəhərinin meri, “Bouygues Telecom” şirkətinin keçmiş yüksək kadrı Didier Kasas! Makronun qələbəsindən sonra yazıq dövlət müşaviri naəlac qalıb “Bouygues Telecom” telekommunikasiya şirkətindəki əvvəlki işinə qayıtdı.

Prezident seçkilərinin ikinci turuna iki gün qalmış Makronun kampaniyasında dəhşətli bir faciə baş verir. Keçmiş sosialist, 2016-cı ilin noyabrından "Hərəkətdə!" qrupuna qoşulan millət vəkili Korin Ehrel kampaniyanın son günündə təşkil olunmuş görüşdə seçiciləri Emmanuel Makrona səs verməyə çağıran zaman səhnədə infarkt keçirir. Təcili yardım tərəfindən xəstəxanaya çatdırılan 50 yaşlı deputat, bir neçə dəqiqədən sonra ürək tutmasından vəfat edir... Namizəd Makronun kampaniyasında bir çox başqa faciələr də baş verir. İşini, ailəsini, uşaqlarını unudub Makronu prezident etmək üçün gecə-gündüz rahatlıq bilmədən kampaniyada pulsuz-parasız çalışan bir könüllünün həyat yoldaşı, axırda cana yığılıb uşaqlarını da götürüb ata evinə qayıdır. Məhkəməyə boşanmaq üçün ərizə verən qadının tələbi ilə, nəinki onların nikahı pozulur, hətt a o, atalıq hüququndan da məhrum olunur.

Bu az imiş kimi, bir neçə gündən sonra həmin könüllü işindən də qovulur. Kampaniyadakı könüllülərin çoxu, hətta məvaciblə çalışan bir sıra kadrlar belə müxtəlif ailə və iş problemləri ilə qarşılaşırlar. İki turun arasında Makron kampaniyasındakı köməkçilərinə artıq yuxarıdan aşağı baxır, çünki Fransız dili müəlliminin əri artıq özünü prezident kürsüsündə hiss edir. “prezident seçiləndən sonra isə o, ümumiyyətlə, heç kimi saymadı”, – deyə kampaniyadakı könüllülərdən biri təəssüflə başını bulayır. Qələbəsindən bir həftə sonra kampaniyasında çalışan adamlara təşəkkür etmək üçün təşkil olunan ziyafətdə, o, cəmisi qırx beş dəqiqə iştirak etdi. Zevs artıq özünü onlara yaraşdırmırdı…

Baronlar geri qayıdırlar

2017-ci ilin fevral ayıdır. Emmanuel Makronun seçki kampaniyası tam sürətlə davam edir. Lion şəhərinin meri Jerard Kollomb paytaxtda səfərdədir. Bir neçə gün əvvəl onun qəhrəmanı Makron, Lion şəhərinin idman sarayında təşkil olunan görüşdə saciçilərin böyük rəğbətini qazanmışdı. Müasir texnologiya da ona bu uğurda kömək etmişdi: Belə ki, “Hərəkətdə!” hərəkatının fəalları Teleqram proqramı vasitəsilə kampaniyanı idarə edənlər tərəfindən onların mobil telefonlarına ötürülən göstərişlərlə zalı əməlli-başlı “qızışdırmışdılar”.

Kollomb 2016-cı ilin yazından Emmanuel Makrona qoşulub. Bu sosialist partiyasından olan deputat, gənc İqtisadiyyat nazirinin “sosial-liberalizm” ideyalarını çox bəyənir. Bundan başqa, Makronun Sosialist Partiyasını tənqid etməsi də onun xoşuna gəlir. Çünki Kollombun fikrincə, Sosialist Partiyası əsl simasını itirib, paytaxtda lövbər salıb və Paytaxt Partiyasına çevrilib. Bundan başqa, Jerard Kollomb onlardan bir növ qisas almaq istəyir, çünki Lion şəhərinin meri belə hesab edir ki, sosialistlər onun siyasi istedadını heç vaxt lazımınca qiymətləndirməyib.

Həmin gün Kollomb Makronun kampaniyasından olan gənc bir siyasətçi ilə Lion şəhərinin Parisdəki nümayəndəliyinin yerləşdiyi Villersexel küçəsinin iki addımlığında yerləşən “Mucha Café” restoranında nahar edir. Bu iki nəfərin arasında müzakirə olunan mövzu kampaniyanın maliyyə ilə bağlı çətinlikləri, xüsusilə də bankların krediti gecikdirmələridir. “Mən bu işi öz boynuma götürürəm. Gedib banklarla özüm danışacam... belə olmaz! Sürəti artırmaq lazımdır”, – deyə Lion şəhərinin meri həmsöhbətinə söz verir. Bu restoranda stollar çox yaxındır. Belə ki, qonşu stolda oturub nahar edən Sosialist Partiyasının daimi üzvlərindən biri onların söhbətlərini eşidir və nahardan sonra dərhal restoranın yanında, Solférino küçəsində yerləşən Sosialist Partiyasının baş qərargahına gedib Jerard Kollombun dediklərini yoldaşlarının ovcuna qoyur…

Kollomb özünün Liondakı şəbəkələrini təklif edir

Lion şəhərinin merinin banklara gedib Makronun kampaniyası üçün kredit məsələsini müzakirə etməyi heç bir nəticə verməyəcək. Ancaq, necə deyərlər, donuzdan bir tük də qənimətdir. Kiminsə Makrona yardım əli uzatması, lap sözdə də olsa, kampaniya üçün həmişə xoşdur... Bir müddət sonra Kollomb şəbəkələrini namizədin ixtiyarına verir. Lion mütəşəkkil bir şəhər olması ilə tanınır, burada frank-mason lojaları Katolik kilsəsi ilə çiyin-çiyinə addımlayır və gözəl harmoniyadadır. Ona görə də Lionda əhalinin əksəriyyəti Emmanuel Makronun siyasi və sosial aspektləri bir-birindən ayırma layihəsinə müsbət yanaşırlar.

2016-cı ilin sentyabrında Jerard Kollomb Lionda təşkil edildiyi “Avropa islahatçıları” forumunda Fransua Hollandın keçmiş İqtisadiyyat nazirini (Makron) qəbul edir. "Hərəkətdə!" qrupu 1997-ci ildən Dubayda lövbər salan, 2016-cı ildə Rio şəhərində keçirilən olimpiya oyunlarının təşkilatçılarından biri olan Lionun “GL Events” şirkətindən də kömək istəyir. Jerard Kollombun yaxın adamı Oliviye Jinon tərəfindən idarə olunan, böyük miqyaslı tədbirlərə təşkilatçılıq etməkdə dünya liderlərdən biri olan bu şirkətdə görüş zamanı Emmanuel Makron Jerard Kollombu onun yaxın “dostu” kimi təqdim edəcək...

(ardı var)

Seçilən
7
xalqqazeti.az

1Mənbələr