AZ

AMB rəhbəri: Faiz dərəcələri bu il 2%-ə endirilə bilər

Fins.az - Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Portuqaliya Bankının rəhbəri Mario Senteno çərşənbə günü Reuters-ə verdiyi müsahibədə bu il əsas faiz dərəcələrinin daha sürətli şəkildə 2%-ə endiriləcəyinə ümid etdiyini bildirib.

Sentenonun sözlərinə görə, AMB iqtisadi artımı stimullaşdırmaq məqsədilə hazırkı 2,75% səviyyəsində olan faiz dərəcələrini azaltmalıdır. O, inflyasiyanın bankın 2% hədəf göstəricisindən aşağı düşməsi riskinin ciddi narahatlıq doğurduğunu vurğulayıb: “Əgər baza effektlərini nəzərə almasaq, inflyasiya artıq 2%-dən aşağı olardı,” – deyə o bildirib.

AMB rəsmisi qeyd edib ki, faiz dərəcələri iqtisadçılar tərəfindən neytral səviyyə hesab ediləndən – 1,75%-2,25% diapazonundan – daha aşağı düşə bilər. “Biz neytral səviyyədən aşağı enməli ola bilərik,” – deyən Senteno, bu addımın iqtisadi aktivliyi dəstəkləyə biləcəyini əlavə edib.

Avropada iqtisadi artımın ləngiməsi ilə bağlı danışan Senteno bunu investisiyaların çatışmazlığı, istehlakçıların ehtiyatlı davranışı və şirkətlərin investisiyalardan əldə etdiyi aşağı gəlirliliklə əlaqələndirib. O, əməkhaqqının inflyasiyanın təsirindən sonra bərpası, məhsuldarlığın artırılması və xərclərin artımının məhdudlaşdırılması arasında balansın qorunmasının vacibliyini vurğulayıb.

ABŞ-ın Avropa mallarına tətbiq edə biləcəyi yeni tariflərlə bağlı da danışan AMB rəsmisi, bu tədbirlərin “bütün tərəflər üçün pis xəbər” olduğunu bildirib. O, Çin mallarının ABŞ-dan Avropaya yönləndirilməsi nəticəsində yaranacaq daha rəqabətqabiliyyətli qiymətlərin deflyasiya riski yarada biləcəyini istisna etməyib.

Senteno əlavə edib ki, Avropa istənilən potensial tarif danışıqlarında vahid mövqe nümayiş etdirməlidir: “Avropa, dünyanın ən açıq iqtisadi zonası olaraq, bu kimi tariflərdən ABŞ-dan daha çox təsirlənə bilər.”

Müsahibənin sonunda o, mart ayından sonra qlobal ticarət siyasətlərinin iqtisadiyyata təsirini qiymətləndirməyin vacibliyini qeyd edib.

Seçilən
9
fins.az

1Mənbələr