AZ

Rusların ən çox səfər etdiyi ölkələr: Türkiyə birinci, Azərbaycan 10-cudur

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, vətəndaşların beynəlxalq səfərləri əvvəlki illə müqayisədə 2024-cü ildə 7,8 faiz artaraq 29,2 milyona çatıb. 2023-cü ildə bu rəqəm təxminən 27,1 milyon olub.

Hafta.az-ın yazdığına görə ,rusların ən çox ziyarət etdiyi ölkə 5 ildən sonra yenidən Türkiyə olub. Türkiyə uzun illər lider mövqedə olan separatçı Abxaziyanı geridə qoyaraq birinci yerə yüksəlib. Ötən il Rusiya vətəndaşları Türkiyəyə təxminən 6,3 milyon səfər edib, bu istiqamətə marağı 11,7 faiz artırıb. Abxaziyaya səfərlər 5,9 milyon olaraq qalıb və əvvəlki illə müqayisədə cəmi 1,1 faiz artıb.

FSB-nin sərhəd keçid statistikası biznes, təhsil, turizm, xüsusi səfərlər, təhsil, daimi miqrasiya və logistika kimi müxtəlif məqsədlər üçün giriş və çıxışları əhatə edir. Eyni şəxs ildə bir dəfədən çox sərhədi keçərsə, hər dəfə ayrıca səfər kimi qeydə alınır.

Turizm baxımından Türkiyənin yenidən birinci yerə yüksəlməsi Antalyadakı sıxlıqla izah olunur. Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, 2024-cü ildə rusların Antalyaya səfərlərinin sayı 12,9 faiz artaraq 3,9 milyona çatıb. Bundan əlavə, İstanbulun əhəmiyyətli bir transfer nöqtəsinə çevrilməsi Türkiyəyə səfərlərin artmasına təsir edən amillər arasında idi. ATOR-un məlumatına görə, 2024-cü ildə Türkiyəyə gedən rusların 29,7 faizi İstanbuldan tranzit məntəqəsi kimi istifadə edib.

2024-cü ildə rusiyalı turistlərin xaricə etdiyi səyahətlərin sayı 25 faiz artaraq 11,6 milyona çatıb. FSB məlumatlarına görə, rusiyalı turistlərin Türkiyədən əlavə ən çox səfər etdiyi ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Misir, Çin, Tailand və sair olub. ATOR isə bu məlumatların yalnız birbaşa uçuşlara əsaslandığını və birləşdirici uçuşlar vasitəsilə edilən ziyarətlərin statistikada tam əks olunmadığını bildirir. Əksər ruslar, xüsusən də Avropa və Amerikaya səyahət edənlər Türkiyə və ya BƏƏ vasitəsilə bu ölkələrə çatırlar.

Rusların ən çox səyahət etdiyi ölkələr aşağıdakılardır:

1. Türkiyə 6,27 milyon nəfər, 2. Abxaziya 5,81 milyon nəfər, 3. Qazaxıstan 2,81 milyon nəfər, 4. Birləşmiş Ərəb Əmirlikləri 1,99 milyon nəfər, 5. Çin 1,90 milyon nəfər, 6. Misir 1,48 milyon nəfər, 7. Gürcüstan 1,35 milyon nəfər, 8. Tailand 1,32 milyon nəfər, 9. Ermənistan 970 min nəfər, 10. Azərbaycan 710 min nəfər.

Xatırladaq ki, Ermənistana səfər edən rus turistlərin sayı 2023-cü illə müqayisədə 12,5 faiz azaldığı halda, Azərbaycana səfər edən rusların sayında 26,8 faizlik artım müşahidə olunub.

Seçilən
40
hafta.az

1Mənbələr