Əfqanıstanın “Taliban” hökuməti paytaxt Kabildə qadınlar tərəfindən idarə olunan yeganə radiostansiyaya basqın edib.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, “Taliban” İnformasiya Nazirliyinin dünən verdiyi açıqlamada, “Radio Begüm”ün "birdən çox qanun pozuntusuna yol verdiyi" bildirilib.
Bəyanatda həmçinin radionun “proqram və materialları xaricdəki media şirkətinə göndərdiyi” iddia olunub. Bildirilib ki, “Radio Begüm”ün yayım lisenziyası araşdırmalar tamamlanana qədər dayandırılıb.
Əfqanıstanın yeganə qadın radiostansiyası “Begüm” tərəfindən edilən açıqlamada “Taliban”ın iddiaları rədd edilib və aşağıdakı açıqlamalar verilib: “Biz əfqan xalqına və xüsusilə əfqan qadınlarına xidmət etməyə sadiqik”.
“Radio Begüm”ün rəhbəliyi bildirir ki, basqın zamanı nazirlik rəsmilərini Baş Kəşfiyyat İdarəsinin əməkdaşları müşayiət edib. Əməliyyat zamanı iki nəfərin saxlanıldığı, radio binasındakı kompüter, hard disk və telefonların ələ keçirildiyi bildirilir.
“Radio Begüm” “Taliban”ın hakimiyyətə gəlməsindən 5 ay əvvəl, Beynəlxalq Qadınlar Gününə təsadüf edən 8 Mart 2021-ci ildə təsis edilib.
Qadın müxbirlərin məhz qadınlar üçün hazırladıqları bir çox xidmətlər, o cümlədən radioda maarifləndirici proqramlar, kitab oxunuşları və telefonla məsləhətlər təklif edilir.
Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) yaydığı bəyanatda onlar saxlanılan radio işçilərinin azadlığa buraxılmasına və yayım lisenziyasının təşkilata qaytarılmasına çağırıblar. RSF-in məlumatlarına görə, “Taliban” ötən il ümumilikdə 12 media orqanını bağlayıb.