Türkiyə nümayəndələri ekspert səviyyəsində Rusiya ilə öz ərazisində beynəlxalq qaz qovşağının yaradılması üzrə təşəbbüsün həyata keçirilməsi məsələlərini işləyirlər.
“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İstanbuldakı Baş konsulu Andrey Buravov məlumat verib.
"Məlum olduğu kimi, bu təşəbbüs vaxtilə Rusiya tərəfindən ABŞ və Aİ ölkələrinin Rusiya enerji daşıyıcılarının üçüncü ölkələrə ixrac imkanlarını məhdudlaşdırmaq cəhdləri kontekstində irəli sürülmüşdü. Hazırda demək olar ki, hər iki ölkə ekspert səviyyəsində göstərilən təşəbbüsün həyata keçirilməsinin texniki aspektlərinin işlənməsini davam etdirir", - diplomat bildirib.
Onun sözlərinə görə, layihə ilə bağlı daha ətraflı məlumat iki ölkənin profil təşkilatlarında var.
Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrında “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi Avropanın ən böyük qaz qovşağının Türkiyədə yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bəyan edir ki, infrastruktur baxımından ölkədə layihənin reallaşdırılması üçün demək olar ki, hər şey hazırdır.
Türkiyənin energetika naziri Alparslan Bayraktar əvvəllər beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində Türkiyənin “BOTAŞ” və Rusiyanın "Qazprom" şirkətlərinin iştirakı ilə 2025-ci ildə İstanbulda qaz ticarəti mərkəzinin açılması planları barədə məlumat verib.