Bakı, TurkicWorld
Malayziya və İndoneziya, ABŞ prezidenti Donald Trampın Qəzzanın ABŞ-ın nəzarətində olması barədə təklifinə kəskin etiraz edərək, fələstinlilərin məcburi köçürülməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiklərini bildiriblər.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Malayziyanın Xarici İşlər Nazirliyi bugünkü açıqlamasında fələstinlilərin zorla köçürülməsinə qarşı olduqlarını bəyan edib.
"Malayziya fələstinlilərin məcburi köçkün və ya öz vətənlərindən qovulmasına gətirib çıxara biləcək hər hansı təklifə qəti şəkildə qarşıdır. Bu cür qeyri-insani hərəkətlər etnik təmizləmədir və beynəlxalq hüququn, eləcə də BMT qətnamələrinin açıq şəkildə pozulmasıdır." - deyə bildirilib.
Malayziya iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayaraq, davamlı sülh və sabitlik üçün beynəlxalq ictimaiyyəti bu həlli dəstəkləməyə çağırıb.
Malayziyanın İsraillə diplomatik əlaqələrinin olmadığı və uzun müddətdir Fələstinə açıq dəstək verdiyi qeyd olunub. Baş nazir Ənvər İbrahim, ölkəsinin HƏMAS-ın siyasi qanadı ilə münasibətlərinin olduğunu, lakin hərbi qanadı ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Həmçinin, İndoneziya hökuməti də fələstinlilərin zorla köçürülməsi və işğal olunmuş ərazilərin demoqrafik strukturunun dəyişdirilməsi cəhdini rədd etdiyini açıqlayıb. İndoneziya Xarici İşlər Nazirliyi, bu addımın iki dövlət həllinə mane olacağını və beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa hörmət etməyə çağırdıqlarını bildirib.