1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xorvatiyanın paytaxtı Zaqrebdə sərbəst güləş üzrə ilin ilk reytinq turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
İslam Bazarqanov (57 kq) 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabıyla qalib gəlib. Bazarqanov yarımfinalda iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. İslam finalda amerikalı Spenser Liyə 2:6 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.
Nurəddin Novruzov (61 kq) təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb - 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leonid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nurəddin bürünc medal uğrunda görüşdə isə iranlı Reza Momenizadəni məyus edib - 8:4.
Əli Rəhimzadə (65 kq) ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb - 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə mübarizədən qalib ayrılıb - 6:0.
Kənan Heybətov (70 kq) təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub - 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb - 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib - 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili üzərində də inamlı qələbə qazanıb - 12:1.
Ağanəzər Novruzov (74 kq) 1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Giorgi Elbakidzeyə 2:3 hesabıyla məğlub olub.
Arseniy Djioyev (86 kq) ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Djioyev amerikalı Trent Hidleyi də 5:0 hesabıyla üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olub. Rəqibinə 0:8 hesabıyla uduzan Arseniy gümüş medalı boynundan asıb.
Sabah Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) xalçaya çıxacaq.