"Telegram" yaradıcısı Pavel Durov haqqında məhkəmə işinə ən azı bir il Fransa məhkəməsində baxılmayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Amerikanın "Wired" jurnalı Fransa prokurorluğunun nümayəndəsi Mailis de Recqə istinadla yazır.
Onun sözlərinə görə, məhkəməyə qədər azı bir il və ya daha çox vaxt keçə bilər:
“Hazırda Durovun Fransa hakimiyyəti ilə mümkün razılaşması barədə danışmaq tezdir. Bu səbəbdən Durov uzun müddət Fransada qalmalı olacaq. Bu isə “Telegram”-ın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. Şirkət Durovun yerinə yeni rəhbər axtarmağa başlamalı olub-olmadığını bilmir”.
Xatırladaq ki, 6 dekabr 2024-cü ildə “Agence France-Presse” (AFP) məlumat yaymışdı ki, Pavel Durov Fransada saxlanıldıqdan sonra ilk dəfə Paris məhkəməsinə gətirilib.
O, messencer vasitəsilə həyata keçirilən cinayət fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinir.
Durov məhkəmə prosesi və ona qarşı irəli sürülən ittihamlar barədə mətbuata danışmaqdan imtina edib.
O, yalnız Fransa ədalət sisteminə inandığını bildirib.