AZ

Diasporun fəaliyyətinin mərkəzləşdirilməsi müsbət nəticələr verir

Diaspor siyasətinin mühüm istiqamətlərindən biri yeni dövr üçün insan kapitalının inkişafına dəstək verməkdir. Azərbaycan dövlətinin bugünkü diaspor siyasəti yeni dövrün çağırışları ilə üst-üstə düşür və xaricdə insan kapitalının inkişafına yönəlib.

Xaricdəki yeni nəsil azərbaycanlıların yetişdirilməsi üçün, xüsusilə milli dəyərlərə bağlı olmaları, tarix və mədəniyyəti, eləcə də ana dilini öyrənmələri üçün görülən işlər ilk növbədə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin icrasıdır. Ölkə başçısı Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında bildirib ki: "Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir"

Bu tövsiyələri öz fəaliyyətində əsas götürən DİDK xaricdəki həftəsonu Azərbaycan məktəblərinin inkişafını prioritetə çevirib. Komitə məktəblərin fəaliyyətini genişləndirməklə dövlət başçısının çıxışında qeyd olunduğu kimi ana dili vasitəsilə soydaşlarımızın daha sıx birləşməsini hədəfləyir. Xaricdəki həftəsonu məktəbləri miqrasiya etmiş soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək üçün mühüm vasitələrdən biridir. Məktəblər uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etmək,  azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyətini dərinləşdirmək baxımından çox faydalıdır.

Xaricdəki Azərbaycan icmalarının üzvlərinin, əsasən də xaricdə doğulan azərbaycanlıların ana dilini öyrənməyə böyük maraqları müşahidə olunur və  bu maraqların mərkəzləşdirilməsi müsbət nəticələr verir.  

Hazırda xarici ölkələrdə 100-dən çox Azərbaycan həftəsonu məktəbinin fəaliyyət göstərdiyi bildirilir. Məktəblərin böyük əksəriyyətinin fəaliyyətinə DİDK dəstək göstərir. Xaricdəki hər bir Azərbaycan Evinin nəzdində həftəsonu məktəbləri açılıb və komitə onların hər birini lazımi vəsaitlə təmin edib. Hər bir azərbaycanlı və ölkəmizi sevən xarici bu məktəblərdə pulsuz təhsil ala bilir. DİDK həmin məktəblər üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə xüsusi dərslik nəşr etdirib və həmin dərslik bütün məktəblərə çatdırılıb. Kitabda Azərbaycanın milli dəyərlərinə üstünlük verilib və heç bir yardımçı dildən istifadə olunmayıb.

Komitə Azərbaycan dili kitabının əlçatanlığını təmin etmək məqsədilə kitabın elektron variantını hər kəs üçün açıq edib. Kitabı elektron qeydiyyatdan keçərək Diaspor Komitəsin saytından əldə etmək mümkündür.

Bununla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dilçi-alim Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovanın həmmüəllifi olduğu  "A grammar of contemporary Azerbaijani" ("Müasir Azərbaycan dilinin qrammatikası") adlı dərs vəsaitinin nəşri də diaspor siyasəti sahəsində mühüm hadisədir. Kitab Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün böyük fürsət yaradır. Kitabın təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı bu sahədəki fəaliyyətə böyük diqqətin rəmzidir.

Bu gün ümumilikdə minlərlə azərbaycanlı uşağın təhsil aldığı xaricdəki həftəsonu məktəblərindən danışarkən diqqəti çəkən daha bir vacib məsələ ondan ibarətdir ki, dünyanın bir çox ölkələrindəki həftəsonu məktəbləri yalnız dilimizin, mədəniyyətimizin qorunması və təbliği ilə məşğul deyil, həm də Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya çatdırmaq, yerli cəmiyyətlərə ölkəmizi tanıtmaq və Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması ilə də məşğuldur.

"Vətən uzaqda deyil' devizi ilə fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi məktəblərin, kursların və ictimai təşkilatların sayının artırılmasını hədəfləyir və bu yolda hər bir soydaşımıza dəstək olmağa çalışır. Komitə soydaşlarımıza güclü və müstəqil Azərbaycan dövlətinin hər zaman onların arxasında durduğunu xatırladır və azərbaycanlı olmaqlarından qürur duymalarını aşılayır.

Sözsüz ki, Azərbaycan dili diaspordakı insanların aralarındakı bağları möhkəmləndirməklə bərabər, xaricdəki icmalarımızın Azərbaycanla dünya arasında körpü rolunu oynamasına geniş şərait yaradır.

Dünya Azərbaycanlılarının ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən V Qurultayında Azərbaycanın maddi-mədəni irsinin xaricdə tanıdılması, eləcə də haqq səsimizin dünyaya çatdırılmasında diasporun xüsusi rolundan danışan DİDK sədri Fuad Muradov bildirib ki: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır... Xaricdə yetişən azərbaycanlı gənc nəslin Vətənlə bağlı olmaları, milli ruhda tərbiyə almaları, ilk növbədə, Azərbaycan dilini bilmələri məqsədilə bir çox layihələr həyata keçirilir. Məktəblər pedoqoji heyət və zəruri vəsaitlərlə təmin olunur".

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni nəsil azərbaycanlılara yönəlik bu və bunun kimi layihələri Azərbaycanın dünya səviyyəsində nüfuzunun və təsir imkanlarının artmasına, ölkəmizi gələcəkdə dünya miqyasında təmsil edə biləcək güclü bir icmanın formalaşdırılmasına yönəlib. Xaricdəki həftəsonu məktəblərinə və burada təhsil alan yeni nəsil azərbaycanlılara qoyulan investisiya zamanla xaricdəki icmalarımız arasından güclü nümayəndələrin yetişməsinə şərait yaradacaq.

Dünyada Azərbaycan lobbisinin inkişafı ölkənin beynəlxalq aləmdə daha güclü mövqe tutması və öz maraqlarını daha təsirli şəkildə müdafiə etməsi üçün çox vacibdir. Məhz bu gün diqqətdə saxlanılan yeni nəsil azərbaycanlılar bu məsuliyyəti daşıyacaq və Azərbaycanın dünya səhnəsindəki mövqeyini daha da gücləndirəcək, sarsılmaz lobbi formalaşdıracaqlar.

Azərbaycan dövləti diaspor quruculuğunda inkişaf edən, güclənən bir sistem yaradıb, diasporun hər nəslinə xitab edən layihələr həyata keçirilir, xaricdə doğulan azərbaycanlılara həssas münasibət sərgilənir. Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti bu gün sürətlə inkişaf edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə maraqlar mərkəzləşdirilir, diaspor quruculuğunda strateji hədəflərə doğru inamlı addımlar atılır. 

Seçilən
2
day.az

1Mənbələr