AZ

Məsələ tək ABŞ vətəndaşlarının pullarının havaya sovrulmasında deyil – Millət vəkili

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanın dövlət müstəqilliyinin bərpasından dərhal sonra USAİD də daxil olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları digər postsovet ölkələrində olduğu kimi, ölkəmizdə də fəaliyyətə başladılar. Qarşılıqlı faydalı və sağlam əməkdaşlığa, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesinin, çoxpartiyalı siyasi sistemin, müstəqil medianın inkişafına önəm verən Azərbaycan dövləti bu institutların, fondların və təşkilatların fəaliyyətinə mümkün qədər imkan yaratdı, sivil, etimadlı münasibətlər sisteminin formalaşmasında maraqlı olduğunu nümayiş etdirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, sözügedən təsisatların “vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, çoxpartiyalı siyasi sistemin və müstəqil medianın inkişafına dəstək” adı altında həyata keçirdikləri çoxsaylı layihələrin hədəfi heç də elan edilən istiqamətlərdə Azərbaycan dövlətinin maraqlarına və müstəqil inkişaf perspektivlərinə uyğun nəticələr əldə etmək deyil".

Bunu hafta.az-a deputat Elçin Mirzəbəyli bildirib.

Deputat bildirib ki, burada məqsəd Azərbaycan dövlətinin müstəqil iradəsinə təsir göstərə biləcək təzyiq alətləri yaratmaq, ehtiyac duyulduğu zaman geosiyasi, iqtisadi və digər maraqların təmin edilməsi üçün bu alətlərdən dövlətimizə və xalqımıza qarşı istifadə etmək, təslimçilik ruhu aşılamaq, özünəməxsus şəbəkə formalaşdırmaqdır.

" Bu təsisatların fəaliyyəti radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək, milli dəyərlərinə arxa çevirən, hədəfi olmayan, kənardan ötürülən siyasi texnologiyalarla idarə olunan cəmiyyət və marionet dövlət idarəçilik sistemi formalaşdırmağa yönəlmişdi.

Azərbaycan dövləti gücləndiyi, dövlət idarəçilik institutlarının fəaliyyətinin təkmilləşdiyi, milli dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalan qüvvələrin mövqelərinin möhkəmləndiyi halda və siyasi proseslərin alt qatlarında cərəyan edən hadisələr aşkara çıxdıqca, USAİD və digər bu kimi digər qurumların əsas hədəfinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu göz önünə sərgiləndi. Bəlli oldu ki, ölkəmizdə həyata keçirilən layihələrə ayrılan vəsaitlər siyasi qüvvələrin, media resurslarının, qeyri-hökumət təşkilatlarının ələ alınmasına xidmət edib.

“2000-ci illərin əvvəllərindən etibarən bir sıra postsovet ölkələrində, daha sonra isə Yaxın Şərq və Aralıq dənizi hövzəsində həyata keçirilən “rəngli inqilab” ssenariləri ABŞ və Avropanın bəzi dövlətləri tərəfindən geosiyasi təsir alətləri, “yumşaq güc” mexanizmi kimi yaradılmış bu təsisatların Azərbaycandakı strateji hədəflərinin də mahiyyətini gün işığına çıxardı. Şübhəsiz ki, eyni ssenarilərin Azərbaycanda da həyata keçirilməsinə səy göstərildi, lakin bütün təxribatlar dövlətimizin gücü, çevik müdaxiləsi və xalqın iradəsi nəticəsində iflasa uğradı"

E.Mirzəbəyli bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAİD və bu kimi digər “institutlar”ın təcrübəsində hətta “təcili qrantların ayrılması” da var. Əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edir.

"Mexanizm belədir: Öncə “təcili qrantlar” vasitəsilə hansısa ölkədə “fundamental hüquq və azadlıqların pozulduğunu” nümayiş etdirilən bəhanə və bu bəhanənin ətrafında “beşinci kolon”un təmsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdirilmiş bəhanənin “günahkarlar”ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə USAİD, NED və digər təsisatlar tərəfindən maliyyələşdirilən “beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları” işə salınır. Bu “təşkilatlar” da öz növbəsində “hesabatlar” hazırlayaraq sifarişçinin nişan verdiyi ünvana, məsələn, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və bu kimi digər təsisatlara “təqdim” edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır...

USAİD-in fəaliyyətinin ən qaranlıq mərhələsi isə, Samanta Poverin Bayden tərəfindən bu təsisatın rəhbəri vəzifəsinə gətirilməsindən sonra başlayıb.

Samanta Poverin, Donald Trampın son qərarınadək daşıdığı rəsmi vəzifə USAİD-in direktoru olsa da, bu şəxsin peşəkar təxribatçı və qlobal cəsus şəbəkəsinin əlaqələndiricisi olduğunu sübut etməyə, qənaətimə görə ehtiyac yoxdur. Ona qalarsa, USAİD Azərbaycan dilinə tərcümədə Birləşmiş Ştatların Milli İnkişaf Agentliyi anlamını verir. Amma əslində Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatları əsasında fəaliyyət göstərib və missiyası Ağ Evin hədəfində olan bölgələrdə, o cümlədən postsovet məkanında, istənilən an hərəkətə keçə biləcək nüfuz müvəkkilləri şəbəkəsi yaratmaqdan, “rəngli inqilab”lar üçün zəmin hazırlamadan ibarət olub. Samanta Poverin personasına gəldikdə isə, bu adam ermənipərəstliyin ən unikal “nüsxə”lərindən biri sayıla bilər. Məsələ burasındadır ki, prezident Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımı tanıdığını bəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq “soyqırım” ifadəsini dilə gətirdikdən sonra, Samanta Pover o qədər “xoşbəxt” və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Və elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra – aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb.

Samanta Poveri yeni “doğum günü”nə aparan “keşməkeşli” yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama adminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımı təbliğ edənlərin yallandırılması üçün nəzərdə tutulan “Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır. Samanta qondarma soyqırımı təşviq edənlərə, reallıqda isə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən Ruben Vardanyanı “qəhrəman” adlandırır. Samanta Poverin silahlı separatizmi və terrorizmi maliyyələşdirən “pulyuyan” ləqəbli Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirildikdən sonra ölkəmizə qarşı nifrətinin birə on artmasının gerçək səbəbi də budur.

USAİD-in Ağ evin yeni adminstrasiyası tərəfindən nəzarətə götürülməsinin və fəaliyyətinin dayandırılması ehtimalının çoxsaylı səbəbləri var. Bunların bəziləri haqqında Tramp və Mask danışıblar. Məsələ təkcə ABŞ vətəndaşlarının pullarının havaya sovrulmasında deyil. USAİD kimi proqramlar, artıq tamamilə ifşa olunublar və bu baxımdan, onların ABŞ-ın milli maraqlarının həyata keçirilməsində önəmli rol oynaya biləcəkləri ciddi şübhə doğurur. Tramp praqmatik siyasətçi və iqtisadçı olduğu üçün perspektivi olmayan heç bir şeyə pul xərcləməyəcəyini ortalığa qoyub. Ona ilk növbədə iqtisadi və təbii ki, siyasi dividend gətirə biləcək təsisat lazımdır. USAİD isə artıq buna qadır deyil".

Seçilən
13
hafta.az

1Mənbələr