AZ

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (JMK) Arqument.az müstəqil xəbər saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyib və Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırıb. 

"Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkənin onsuz da acınacaqlı vəziyyətdə olan müstəqil media birliyini daha da susdurmaq niyyətini göstərir", deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gulnoza Said bildirib. 

"Azərbaycan hökuməti KİV-ə qarşı misli görülməmiş repressiyalara dərhal son qoymalı, Şəmşad Ağanı və ədalətsiz olaraq həbs edilmiş bütün digər jurnalistləri azad etməlidir", deyə təşkilatın bəyanatında qeyd edilir.

Polis fevralın 4-nə keçən gecə jurnalisti saxlayıb və onun evində axtarış aparıb, kompüterini, mobil telefonunu, qardaşının telefonunu və digər kompüter avadanlıqlarını müsadirə edib.

Vəkil Şəhla Hümbətova KİV-lərə bildirib ki, Ağa Meydan TV-nin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu nəşrin altı jurnalisti hələ ötən ilin dekabrında valyuta qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. 

Həbs olunan şəxslər 2023-cü ilin sonlarından etibarən Qərbdən maliyyə vəsaiti almaqda ittiham olunan 19 jurnalist və KİV işçisi arasındadır.

Öz növbəsində, "Sərhədsiz Reportyorlar" mətbuatı müdafiə təşkilatı da Şəmşad Ağa və Şahnaz Bəylərqızının saxlanılmasını pisləyib: "SR bu iki jurnalisti və ölkədə həbsdə olan digər 21 jurnalisti dərhal azad etməyə çağırır". 

Seçilən
3
turan.az

1Mənbələr