BMT baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampı Qəzzada “etnik təmizləmə” planından çəkinməyə çağırıb.
AzPost “Reuters”a istinadən xəbər verir.
Xatırladaq ki, prezident Tramp fevralın 4-də İsrail baş naziri Netanyahu ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransı zamanı qəzzalıların köçürülməsini və Qəzzaya ABŞ-nin nəzarət etməsini təklif edib.
“Həll yolları axtararkən problemi daha da ağırlaşdırmamalıyıq. Beynəlxalq hüququn əsaslarına sadiq qalmaq çox vacibdir. Hər hansı bir etnik təmizləmə formasından qaçmaq vacibdir”, – Quterreş BMT komitəsinin iclasında bildirib. “Biz “iki dövlətli” həlli təsdiq etməliyik”, – o əlavə edib.
Quterreş çıxışında bildirib ki, dayanıqlı sülh “iki dövlətli” həllə doğru əhəmiyyətli, geri dönüşü olmayan və qalıcı irəliləyiş tələb edir. O deyib ki, bu sülh yolu işğalın sona çatmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını, Qəzzanın isə bu dövlətin ayrılmaz bir hissəsi kimi qəbul olunmasını təmin etməlidir.
BMT iki dövlətin – İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində yan-yana yaşamasını dəstəkləyir.