ABŞ prezidenti Donald Tramp Meksikanın sərhəd təhlükəsizliyini artırmayacağı təqdirdə idxal edilən Meksika məhsullarına yüksək əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu bəyanatdan sonra Meksika hökuməti ABŞ sərhədinə 10 min milli mühafizəçi göndərməyə başlayıb. Meksika prezidenti Klaudiya Şeynbaum bu qərarın təkcə ABŞ ilə münasibətlər üçün deyil, həm də ölkənin daxili təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
“Meksikanın suverenliyi və sərhəd təhlükəsizliyi bizim prioritetimizdir. Biz miqrasiya axınının tənzimlənməsi və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün sərhədyanı ərazilərdə tədbirlərimizi artırırıq”,- bildirilib.
Meksikadan göndərilən əsgərlər ABŞ sərhədindəki Aşağı Kaliforniya, Sonora, Çihuahua və Tamaulipas ştatlarında yerləşdirilib. Hərbi hissələrdə qeyri-qanuni miqrasiyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına xüsusi diqqət yetiriləcəyi açıqlanıb. İki ölkə arasındakı iqtisadi əlaqələr nəzərə alınaraq, Meksikanın ABŞ-a ixracatının böyük bir hissəsinin yüksək gömrük rüsumlarından təsirlənə biləcəyi bildirilir. ABŞ-ın Meksika mallarına tətbiq etdiyi gömrük rüsumlarının fevralın 3-dən etibarən dayandırılacağına diqqət çəkən Şeynbaum gömrük vergilərinin dayandırılacağı bir aylıq müddət ərzində Meksika və ABŞ administrasiyaları arasında danışıqların və ortaq araşdırmaların aparılacağını bildirib.
//Gülnarə Abasova, Editor.az