AZ

Lənkəran-Astara regionunda təmir olunacaq məktəblərin ADLARI

Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdə təhsil alma imkanı yaratmış olur.  Bu, xüsusilə əhalinin sıx yaşayan bölgələrində uşaqların daha yaxşı təhsil şəraitinə yiyələnməsinə müsbət təsir göstərir.

 

Bəs, görəsən bu il Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən neçə ümumtəhsil müəssisəsi üçün yeni bina tikilməsi nəzərdə tutulur? Həmçinin, 2024-2025-ci tədris ilində neçə təhsil müəssisəsində təmir işləri aparılacaq?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:

 

“Belə ki, idarənin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 7 təhsil müəssisəsində cari, 5 təhsil  müəssisədə əsaslı təmir aparılır, eləcə də 18 təhsil müəssisəsində tikinti işləri (bina və qazanxana) icra edilir.

 

Növbəti tədris ili üçün 80-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib, Lənkəran rayonu Çay fabriki qəsəbə tam orta məktəb üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib.

 

Bu il isə Lənkəran rayonunun Viyən kənd, Astara rayonunun Sərək və Şümrüd kənd, Lerik rayonunun Cəngəmiran kənd məktəblərinin tikilib istismara verilməsi planlaşdırılır. Qeyd edək ki, 60-a yaxın təhsil müəssisəsinin istilik sistemi qaza qoşulu mərkəzləşdirilmiş istilik sistemi ilə əvəzlənib. Tədris ili ərzində 200-ə yaxın istiliklə bağlı cari problemlər həll olunub və bu proseslər davam etdirilir”,- deyə məlumat verilib.

Seçilən
22
azedu.az

1Mənbələr