-Usta, sən bunu metrə ilə ölçürsən?
-Yox, metrə bu işdə yaramır, “paputu”.
Bu ifadələr TikTok sosial platformasının Azərbaycan izləyicilərinə çox tanış olduğundan məqaləmə də bununla başlamaq istəyirəm. Çünki toxunduğum mövzu Azərbaycanda “paputu” təyin olunan əlillik meyarları ilə bağlıdır.
Bu gün Azərbaycanda əlilliyi olan uşaqlar arasında psixo-nevroloji (əqli gerilik, əqli ləngimə, autizm və s.) problemləri olan uşaqlar təxminən 70% təşkil edir. Səbəbləri bir kənara qoyub, bu uşaqlarla bağlı tətbiq olunan meyarlara baxsaq görərik ki, onların hər birinin sənədində İQ müayinəsi göstərilir. Bu müayinə isə əlilliyin təyin olunmasında əsas amillərdən biridir. Lakin ən maraqlısı odur ki, hazırda nə Səhiyyə Nazirliyinə daxil olan (2 saylı psixiatrik klinikada, nə də 1 saylıda) tibb müəssisələrində, nə də DTSERA-nın (Dövlət Tibbi Sosial Reabilitasiya Agentliyinin) həkim komissiyasında İQ-nu yoxlamaq üçün sertifikatı olan mütəxəssis mövcud deyil. Bunu sizə son iki ayda autizmli övladı ilə tibb komissiyasını addım-addım keçən bir ata kimi bildirirəm. Azərbaycanda bu sahədə sertifikata malik mütəxəssislər yalnız özəl sektorda çalışır. İcbari tibbi sığorta isə bu müayinələrə görə özəl sektora pul ödəmək fikrində deyil. Odur ki, istər uşaq, istərsə də yaşlı insanın psixo-nevroloji səbəbdən əlilliyi təyin olunanda hər iki qurum bunu “paputu” edir.
Son vaxtlar poliklinikalarla bağlı qərarları da qeyd etməyə dəyər. “TƏBİB”in qərarı ilə poliklinikalarda manipulyasiya otaqları ləğv olunub. Sual yarana bilər ki, bəs onda ambulator müalicə alan, ara-sıra vena daxili dərman vurdurmalı olan insanlar nə etməlidir? Səhiyyə rəhbərlərimizin düşüncəsinə görə, 70-75 yaşlı ahıl insan öz sağlamlığını qorumaq üçün ya ara-sıra stasionar şöbəsi olan tibb mərkəzinə getməlidir, ya da “paputu” qonşuda və ya tanışda olan tibb bacılarına müraciət etməlidir.
Ancaq elə bilməyin ki, insanlara qarşı olan bu “paputu” münasibət yalnız burada müşahidə olunur. Təəssüf ki, bu gün bizim başımızın tacı olan, bizlərə Qarabağ sevincini yaşadan oğullarımız da kompleks reabilitasiya ala bilmir. “TƏBİB” və DTSERA-nın koordinasiyasız fəaliyyəti səbəbindən hər hansı bir reabilitasiya mərkəzində aylarla növbəyə durduqdan sonra ancaq fizioterapiya almaq mümkündür. Eyni vaxtda kompleks müalicə almaq istəyən şəxs isə reabilitasiya mərkəzinə yaxın olan bir stasionar tipli tibb müəssisəsi tapmalı, günün bir hissəsini orada iynə-dərman növbəsinə, qalan hissəsini isə fizioterapiya üçün reabilitasiya mərkəzində keçirməlidir. Bu yazdıqlarım kənardan absurd və məntiqsiz görünsə də, acı bir həqiqətdir.
Odur ki, hörmətli oxucular, biz də bu vəziyyətdə atalar məsəlinə uyğun olaraq “Bəyə bel bağlayanın heybəsi çiynində gərək” deyib, hər dəfə problemimiz olanda nə elektron ünvana, nə də yerlərdə təyin edilən savadsız işçilərə güvənməməliyik. Əksinə, “paputu” yolumuzu hər dəfə dövlət strukturlarının qəbul otağına salmalıyıq ki, bəlkə o zaman bizim gəlişimizdən utanıb, “paputu” öz vəzifə borclarını yerinə yetirdilər. Dövlət tərəfindən onlara verilən əmək haqqının nahaq yerə verilmədiyini sübut etməyə çalışdılar.