Mütəmadi olaraq marketlərdə endirimli qiymət etiketi yapışdırılmış məhsullar görürük. Məsələn məhsulun qiyməti 7 manatdır, endirimlə 6 manata düşüb. Amma hər kəs bilir ki, məsulun orjinal dəyəri elə 6 manatdır. Bu cür hallar marketlərdə nə qədər davam edəcək? Bunların qarşısını almaq üçün hansısa qanun varmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, bazar münasibətlərində qiymət təyin etmə prosesləri azad formalaşır.
Onun sözlərinə görə, sağlam rəqabət olduğu halda bu proses də daha sağlam olur: “İnsarçılıq, hər hansı bir sövdələşmələr olduğu halda bu qəbildən olan prosesləri həyata keçirmək rahat olur. Ticarətdə belə bir fənd var. Təəssüflər olsun ki, dırnaqarası sahibkarlar bu fəndlərdən istifadə edirlər. Bu istehlakçını dolayı yolla aldatmaq kimi qəbul olunur. Onu aldadıb vizual olaraq qiymətin endirildiyi göstərirlər. Halbuki belə bir hal yoxdur, elə malın əsl dəyəri satılan qiymətidir. Bu, bir çox ölkələrdə də var. Amma bizdə kortəbii, sistemsiz şəkildə həyata keçirilir. Ümumiyyətlə bir çox məhsulların qiymətlərində tətqiqat aparılaraq müəyyən olunan bəzi məsələlər var. Məsələn istehsalçının və logistikanın qiyməti bəllidir. Üstünə gələn vergi rüsumu, tətbiq olunan vergi ƏDV-si və ümumiyyətlə üzərinə bütün gəlirləri belə qoyanda bəlli olur ki, ortalıqda hələ yenə 30 faizə qədər qeyri-müəyyən boşluq əmələ gəlir. Həmin boşluq sistemli şəkildə marketlər şəbəkəsi tərəfindən tətbiq olunan insarçılıqdır. Yəni məhsulu dövriyyəyə buraxmaq üçün tətbiq olunur. Bunlar da ayrı-ayrı şəxslər tərəfindən strukturlu formada qazanc mənbəyinə çevrilir. Beləliklə, bu proses də qiymətin bahalaşmasına gətirib çıxarır. Qeyd etdiyimiz bu hal isə istehlakçıların kobud şəkildə hüquqlarını pozan göstəricidir”.
İqtisadçı qeyd edib ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinin nəzdnindəki adiyyəti qurumların qaynar xətlərinə zəng edərək sözügedən məsələ ilə bağlı etiraz edə bilərlər: “Məsələn qoyulan etiketlərin altındakı qiymətləri çəkərək həmin qurumlara göndərmək mümkündür. Sadəcə olaraq vətəndaş özü aktiv və gözüaçıq olmalıdır. Öz istehlak hüquqlarını qorumalıdır. Bunları görməzdən gəlmək olmaz. Sözügedən prosesi istənilən məhsulun üzərində edə bilirlər. Ancaq bir necə məhsul var ki, onlar strateji məhsullar hesab olunur. Burada da biz əsasən çörək və çörək məmulatlarını nəzərdə tuturuq. Lakin əsasən istehlak olunan digər ərzaq, təmizlik və sair məhsullarda bu cür dırnaqarası fırıldaqlar geniş yayılıb. Bunun tək yolu bu cür hallarla qarşılaşdıqda faktlarla birlikdə İqtisadiyyat nazirliyin qaynar xəttinə müraciət etməkdir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyinin adiyyəti qurumları istehlakçı hüquqlarını pozma əsasında bu şəbəkələri cərimə edə bilərlər. Cərimələr də hazırda kifayət qədər yüksəkdir. Düşünürəm ki, çoxlu müraciətlər bu kimi dələduzluq hallarının qarşısını ala bilər. Ümumiyyətlə İqtisadiyyat Nazirliyinin adiyyəti qurumları mütəmadi olaraq monitorniqlər keçirməlidir ki, belə hallar yaşanmasın. Aydın məsələdir ki, bazar münasibətlərində dövlət orqanları müdaxilə etməməlidir. Qiymət olaraq nə istəyirlər qoya bilərlər. Amma daha rəqabət adı ilə fəndi fırıldağa çevirməməlidirlər. Ticarətdə belə bir fənd var: göz görür ki, qiymət aşağıdır istər-istəməz məhsulu alırsan. Daha sonra isə bəlli olur ki, elə öz qiymətinə əldə etmisən”.
Nailə Qasımova
Medianews.az