Dünya şöhrətli supermodel Naomi Kempbell “Fashion For Relief” xeyriyyə fondunun pullarını öz maraqları üçün xərcləməsi ilə bağlı ittihamlara cavab verib.
OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, podium ulduzu haqqında səsləndirilən ittihamları böhtan adlandırıb.
“Mən internetdə kimliyi saxtalaşdırmağın nə qədər asan olduğuna işıq salmaq və mənim başımdan keçənləri başqasının keçməsinə mane olmaq istəyirəm. Vaxtı gələndə daha çox deyəcəyəm. Bu, sadəcə başlanğıcdır. Mən heç vaxt şəxsi mənfəət üçün xeyriyyəçilik etməmişəm və etməyəcəyəm”, - deyə Naomi bildirib.
54 yaşlı Kempbell əlavə etdi ki, o, bu məsələdə məsul şəxslərin məsuliyyətə cəlb edilməsinə və ədalətin təmin olunmasına əmin olmaq istəyir.
Qeyd edək ki, sentyabr ayında N.Kempbellin qəyyumluq etdiyi “Fashion for Relief” təşkilatının vəsaitinin yalnız kiçik bir hissəsinin xeyriyyəçiliyə xərcləndiyi məlum olub. Qalan pulların hamısının modelin şəxsi ehtiyaclarına, uçuşlara, mühafizəyə, spa prosedurlarına və dəbdəbəli otellərdə yerləşdirməyə xərcləndiyi iddia edilib. 2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər gəlirin yalnız 8,5%-i xeyriyyə işlərinə sərf edilib. Naominin özü buna cavab olaraq bildirib ki, o, fondun işlərini özü idarə etmir, idarəçiliyi başqa insanlara təhvil verib.