(Portret cizgiləri)
Ədəbiyyatda dramaturiya və hekayə janrı ən çətin sahələrdir. Burada ilk öncə yazıçıdan böyük söz ehtiyatı, yüksək savad, dərin dünya görüşü, insan xarakterini yaxşı bilmək, sözlərdən ustalıqla, xəsisliklə istifadə etmək və həm də obrazlı formada istifadə etmək tələb olunur. Ən əsası isə yazıçıdan balaca bir hekayədə, böyük bir insan təleyinin bütün çalarlarını orada qabarıq və ya obrazlı şəkildə ustalıqla yazmaq bacarığı, böyük məharət tələb edir.
Bildiyimiz kimi hekayə-yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrıdır. Hekayə- povest, roman janrlarının, yəni süjetli nəsrin ən kiçiyidir. Hekayə əsasən tək süjetdən, yaxud da bir neçə süjet üzərində köməkçi süjet vasitəsi ilə, yığcam fikirlərdən ibarət olur.
Beləliklə, hekayə epik növün həcm etibarı ilə kiçik bir janrı olmaqla bir və ya bir neçə süjetlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Belə əsərlərdə isə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayə daha oxunaclı olmaq üçün orada obrazların sayı elə də çox olmur.
Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşıb və XX əsrdə daha çox inkişaf edib. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. Az bir vaxtda da böyük maraq yaradıb. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Əbdürrərim bəy Haqverdiyevin “Mirzə Səfər” əsərlərini nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələri kimi göstərə bilərik. Çünki bu hekayələrin hər ikisi povest və roman qədər dərindir, məzmunludur. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı sonda olan gözlənilməzlik və hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə sonda tamam fərqli süjetlə qarşılaşırıq. Elə götürək yenə də Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy”, Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” və Mir Cəlalın “Badamın ləzzəti” hekayələrini. Bax, bunların hər üçü ədəbiyyatımızda maraqlı novella nümunəsi də sayıla bilər. Yəqin elə buna görə də bu hekayələr Azərbaycan ədəbiyyatında hekayənin ilk novella forması da sayılır.
Yuxarıda yazdığım kimi ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr isə dahi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı hekayələrdir. Amma həmin hekayələr müstəqil işlənməyib və poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və başqaları da mənzum hekayələr yazıblar. Amma ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yazılıb. Onların içərisində maraqlı olanları da çoxdur.
Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Dünya ədəbiyyatı tarixində hekayə janrına daha çox müraciət edənlər- Anton Pavloviç Çexov, O. Henri, Nobel mükafatı laureatı Elis Monra, Korney Çukovski, Samuel Marşak, Sergey Mixalkov, Angiya Barto məhz belə yazıçılardan olublar.
Əfsus ki, biz öz ədəbiyyatımızı lazım olan kimi dünyada təbliğ eləyə bilmədiyimizdən, onların hekayələrini xarici dillərə tərcümə eləmədiyimizdən Cəlil Məmmədquluzadənin, Əbrürrəhim bəy Haqverdiyevin və başqa dahilərimizin hekayələri həmin dünya siyahısına düşməyib. Əgər bu ədiblər ingilis, fransız, alman, çin və başqa dünya dillərinə tərcümə olunsaydılar, inanıram ki, dünya ədəbiyyatında birincilərdən biri ola bilərdilər. Bunu mən, dünya ədəbiyyatı ilə azadan-çoxdan tanış olan insan kimi qətiyyətlə deyirəm. Ümumiyyətlə, gəlin danmayaq ki, biz, bir-birimizə qarşı paxıl xislətlə yaşayan millətik. Bunu da dahi Cəlil Məmmədquluzadə özünün “Bir boçka su” felyetonunda çox gözəl və tutarlı yazıb.
Müasir ədəbiyyatımızda isə bu sahədə gözəl hekayə müəlliflərindən biri də Arif Ərşaddır. Dostlar arasında “Hekayələr Ustası” və ya “Hekayə danışan adam” kimi yaxşı tanınan yazıçı ilə biz, ad günü ərəfəsində görüşüb, həmsöhbət olduq.
-Salam Arif müəllim. Sizin 06 fevral tarixində ad gününzdür. Artıq ömrünüzün müdriklik çağına qədəm qoyursunuz. 63 yaşınız tamam olur. Yəni ömürünüzün yeddinci onluğunu xırdalayırsız. Gəlin keçmiş illərinizə bu yazı ilə işıq salaq. Uşaqlıq, gənclik və yazıçılığa başladığınız illəri xatırlayacaq.
- Salam DOSTum. Bütün uşaqlar kimi mənim də atalı-analı uşaqlıq illərim xoşbəxt və qayğısız keçib və belə demək mümkündürsə “baxça tərbiyəsi” (gülümsəyir) almışam. İlk dəfə məktəbə Sumqayıt şəhərində getmişəm. Bu şəhərdə doğulub böyüyən uşaqların və gənclərin prinsipcə passiv həyat keçirməsi mümkün deyildi. Bu baxımdan mənim də həmin dövrlərim maraqlı keçib. Belə ki, orta məktəbdə oxumaqla yanaşı, musiqi və idmanlada da məşğul olmağa vaxt tapmışam. İdmanınYunan-Roma güləş növünü mənə sevdirən Azərbaycan Güləş Federasiyasının Hakimlər Kolleqiyasının sədri, Beynalxalq dərəcəli hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Azərbaycan idmanının inkişafında böyük əməyi, zəhməti, xüsusi çəkisi, hörməti olan və bu gün də idmanı Sumqayıtlı uşaq və gənclərə sevə-sevə öyrədən Qərib Əliyev olub. “SSRİ İdman Ustalığına namizəd” idman dərəcəsindən sonra dərk etdim ki, peşəkar idmançı olmaq mənlik deyil və diqqətimi təhsilimə yönələtdim. Amma onu deyim ki, peşəkar güləşçi olmağı bacarmasam da, Qərib müəllimlə dost olmağı bacardım və dostluğumuz bu gün də davam edir. Sonradan Sumqayıt Politexnik Texnikumunun “Metalların kəsilməsi və emalı” fakültəsini “mühəndis-mexanik” kimi, 1981-1983-cü illərdə hərbi xidməti tank komandiri kimi başa vurduqdan sonra isə təhsilimi Azərbaycan Dövlət Neft və Kimya Akademiyasının ( indiki Sumqayıt Dövlət Universiteti) “Kimya istehsalının maşın və aparatların texnologiyası” fakültəsində davam etdirərək “mühəndis-texnoloq” ixtisası ilə bitirmişəm. Sonradan iş həyatı, ailə qayğıları başımı elə qatdı ki, artıq 63 yaşa nə vaxt gəlib çatdım, bu mənə indi də çox qəribə gəlir. Qaldı yazı məsələsinə, hər birimiz üçün yazıçılıq orta məktəb illərində inşa yazısı ilə başlayır desəm məncə səhv etmərəm. Sadəcə sonradan Allah verən istedaddan istifadə edib bu “inşa” yazılarına bir balaca “duz-istiot” qatırsan, olur hekayə.
-Arif Ərşad hekayə mövzularını necə fikirləşir?
-Mən hekayə mövzularını fikirləşmirəm və buna heç ehtiyac da olmur. Həyatımızın istənilən sahəsinə diqqətlə baxsaq, nə qədər mövzu bolluğuna rast gələrik. Bununçün sadəcə geniş müşahidə qabiliyyətinə malik olmalısan.
-Siz Sumqayıtda yaşasanız da, kənd mövzusu ilə bağlı çox maraqlı hekayələriniz var və hətta həmin hekayələri oxuyanlar elə bilir ki, bu hadisələr məhz sizin öz başınıza gəlib. Bəs bu mövzular, kənd hətayını yaxşı bilmək haradan yaranır? Şəhər ləhcəsində danışsanız da, bəzən leksionunuzda çox şirin səslənən “ay Toba, başaa dönüm, bəəndən gəl, ənnən gedək” kimi sözlərdən də işlətməyinizin şahidi çox olmuşam.
-( gülümsünür) Onu deyim ki, mən Sumqayıt şəhərində doğulub-böyümüşəm və hal-hazırda isə Bakı şəhərində yaşayıram. 1996-cı ildən paytaxtımızda yaşamağıma baxmayaraq, mənim bütün həyat və iş fəaliyyətim Sumqayıt şəhəri ilə bağlıdır və bu gün də Sumqayıtda çalışıram. Hər gün Bakıdan sevinə-sevinə Sumqayıta işə gedirəm və hər axşam da sevinə-sevinə Sumqayıtdan Bakıya evimə qayıdıram. Neçə illərdir ki, “iki sevgi” arasında qalmışam, səhərlər doğulduğum şəhər, axşamlar sevdiyim qadın məni maqnit kimi özünə çəkir. Görürsünümü mənim işim çətindir. (gülümsəyir). Heç vaxt kənddə nə evimiz, uşaq vaxtlarında tətil günlərini orada keçirməyə bir komamız və ya yaxınımın evi olmayıb. Bəlkə də buna görə mən bizim dövrümüzdə mövcud olan “pioner düşərgəsi”ndə dincəlməyi xoşlamışam. Hekayələrimdə kənd havasının duyulmasına gəldikdə, yəqin sadə kənd camaatının, elin-obanın içərisində çox olmağımdan, onlarla ünsiyyət saxlamağımdan irəli gəlir. Amma onu da deyim ki, ilk dəfə kənd həyatını görəndə nənim 28 yaşım vardı.
-44 günlük Vətən müharibəsi vaxtı və müharibədən sonra bizim yazıçılarmızın çoxu bu mövzuda bədii əsərlər yazıb və yazırlar. Əslində isə qalib ölkənin yazıçılarının hamısı bu sahəyə daha çox əsərlər həsr eləməlidirlər. Şəhidlərin, qazilərin həyatı orada özünün maraqlı ifadəsini, əksini tapmalıdır. Arif Ərşadın bununla bağlı hekayələri varmı?
-Bilirsiz, 44 günlük zəfər gününü 30 il gözləsək də, bu qələbə elə sürətlə baş verdi ki, biz onun sevincini tam olaraq bir müddət sonra yaşayacağıq. Kitablardan və filmlərdən gördüklərimizlə, həyatda baş verənlər tam fərqli oldu. Axı biz müharibələrin illərlə getdiyini kitablardan oxumuş, filmlərdən seyr eşitmişdik. Bu qələbə sevincini, bu fəxarət hissini bizə yaşadan, bir millət kimi bizi şərəfləndirən Azərbaycan ordusuna və Ali Baş Komandana eşq olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. 30 il baş verən ağır həyatımızdan, müharibə, əzab-əziyyət, ölüm-itim və sonda qələbə zəfərimizdən siz deyən kimi çox yazılmalıdır və inanıram ki, yazılacaq da. Əlbəttə, mənim yaradıcılığımda da bu mövzuda hekayələrim var. Onlardan “Dağlar oğlu”, “Qaşqa quzu”, “Ata xeyir-duası”, “Dağlarda döyüş”, “Torpağa qarışan qan”, “Cırılmış şalvar” və başqa bu kimi hekayələrimi misal göstərə bilərəm. Bu hekayələrimin hər birində müharibənin dəhşətli fəsadlarını, erməni vandalizminin, faşizminin xalqımıza vurduğu acı və sağalmaz yaralarını ağır da olsa göstərməyə çalışmışam. Bu hekayələri oxuduqca Vətən müharibəsində gedən döyüş səhnələri, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanlığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan ordusunun dünya hərb tarixinə yazılan parlaq qələbəsi və bu arzuların çin olması üçün Azərbaycan xalqının birliyi göz önünə gəlir. Onu da deyim ki, “TEAS Press” Nəşriyyat evi tərəfindən bu yaxınlarda “44 Fəsil” adlı müharibənin acılarından, qələbəmiz və onun xalqımıza yaşatdığı sevinclərindən, duyğularından bəhs edən nəfis şəkildə bir antologiya kitabı çap olunub. Geniş oxucu kütləsi arasında rəğbətlə qarşılanan 44 hekayədən ibarət bu antologiyada mənim də “Torpağa qarışan qan” hekayəm yer alıb.
Hal-hazırda şərti adı “Qara yazı” olan roman üzərində çalışıram. Çox ağır sujet xətti olan bu romanı əslində demək olar ki, bitirmişdim. Lakin erməni vandalları üzərində qələbəmiz və torpaqlarımızın düşmən tapdağından azad olunması məni bu roman üzərində yenidən işləməyə həvəsləndirib və bununla da romanın məğzi demək olar ki, 50% dəyişəcək və orada igidlərimizin şücaətinə, qələbəmizə daha çox yer veriləcək.
-Bu gün Azərbaycan ədəbiyyatında çox əsərlər yazılsa da, onlardan dünya səviyyəsinə çıxanları demək olar ki, azdır. Uzun illər yazıçılıqla məşğul olan Arif Ərşadın buna münasibəti necədir? Bu əsərlərin xarici dillərə tərcüməsi və xarici ölklərdə çapı ilə kim məşğul olmalıdır?
-Bu çox ağrılı məsələdir. Bunun üçün xüsusi qurumlar olmalı və onlar da bu işlə məşğul olmalıdırlar. Yazıçının işi gözəl əsərlər yazmaq və diqqətini yaradıcılığına yönəltmək olmalıdır. Və çox əfsus ki, belə qurumlar da demək olar ki, yoxdur. Məhz ona görə də yazıçılarımızın çox maraqlı əsərləri xarici ölklərdə çap olunmur. Bu, mənə çox ağır gəlir.
-Sovetlərin vaxtında yazıçıların əsərləri dövlət maliyyəsi hesabına çap olunurdu və buna görə yazıçıya da yaxşı qonarar verirdilər. Bu gün yazıçılar əsərlərini özləri, öz maliyyəsi hesabına çap etdirirlər. Hətta elə istedadlı yazıçılar var ki, kitablarını çap etdirməyə pulları yoxdur. Buna sizin münasibətiniz necədir?
- ( acı-acı gülümsünür) Bəli, belə yazarlar var və deyərdim ki, onların sayı heç də az deyil. Buna münasibətim əlbəttə ki, çox pisdir. Xarici ölkələrdə, elə qonşu Türkiyədə yazıçı əsərlərini nəşriyyata təqdim edir, orada xüsusi adamlar həmin əsəri diqqətlə oxuyurlar. Əgər əsər çapa layiqdirsə, nəşriyyata xeyir gətirəcəksə müəlliflə müqavilə bağlayır və kitabı öz hesabına çap edir. Kitabın təbliğatı və satışı ilə məşqul olan nəşriyyat onun gəlirindən yazıçıya müqavilədə qeyd olunan qonararı verir. Bizdə isə, əsərin yazılıb qurtarmasından sonra, onu çap etdirmək, təbliğatı və satışı yazıçının üzərinə düşür. Bizdə kitabın piyarına, reklamına ayrılacaq vəsaitdən söhbət belə gedə bilməz. Bu bizim üçün hələ ki, şirin bir röya, yuxu olaraq qalır. Bunun da nə qədər davam eləyəcəyini də demək mümkün deyil...
-Ətrafınızda dostlarınız çoxdurmu?
-İdarə heyyətində təmsil olunduğum, öz mədəni və intelektual səviyyəsi ilə nəinki Sumqayıtda, bütün Azərbaycanda və eləcə də xaricdə yaxşı tanınan Sumqayıt Dostlar Klubunun hər bir üzvü mənim üçün əziz adamlardır. Ora toplanan hər bir insan sözün əsl mənasında DOST sözünə layiq şəxsiyyətlərdir. Mən həmin dostlarımla fəxr edirəm və onların hər bir uğurları ilə qürur duyuram. Sumqayıt Dostlar Klubunun sədri, yazıçı, publisist, ictimai xadim, məşhur göz cərrahı Hümbət Həsənoğlu, idarə heyyətinin üzvləri- Əmək və Müharibə Veteranları Sumqayıt şöbəsinin sədri Sovet Şükürov, qəzəlxan-şair, texnika elmləri namizədi, professor Əli Əmirov (Ələmi) , Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk özəl klinikanın yaradıcısı Mayılxan Tağıyev, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, aktyor, dramaturq, publisist, jurnalist Ağalar İdrisoğlu, Əməkdar həkim, “Doktor.az” klinikasının baş həkimi Kamil İbadov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, texnika elmləri namizədi, professor Sahib Fərzəliyev, Əməkdar jurnalist , “ЭХО Сумгаита” qəzetinin və “EYRUZUNSƏSİ” saytının rəhbəri Eyruz Məmmədov, şair-publisist, iqtisadçı-iş adamı Rafiq Mehdiyev, gənc alim, Nəsimişünas, 44 günlük Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı, qazi Vüsal Hətəmov, naşir, sahibkar, “Məktəbli” mağazalar şəbəkəsinin yaradıcısı, Sumqayıt Bələdiyyəsinə yeni seçilmiş Akif Şahbazov, gözəl mühəndis Əliyar Fərzəliyev, qocaman müəllim Məmməd Vəliyev, Sumqayıt Nəşriyyatının direktoru Aydın Məlikov, Sumqayıt Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Şahin Şəfiyev, departament rəhbərləri Aydın Abbasov, Adil Poladov və sahibkar, Hacı Tahir Məlikov kimi insanlarla necə öyünməyəsən? Onların hər biri böyük universitet və həyat məktəbidir desəm, səhv etmərəm.
-Bəs niyə Sumqayıt Dostlar Klubunun idarə heyyətinin ən fəal üzvlərindən biri - yazıçı-şair, publisist, tərcüməçi, Prezident mukafatçısı və nəhayət gözəl, sədaqətli dostumuz Arif Ərşadın adını çəkmədiniz? Axı, biz də onunla öyünürük!
- ( gülümsünür və özünə məxsus başını arxaya yelləyib, saçını tumarlayır) Çox sağ olun. Təşəkkür edirəm!
-Bilirik ki, şeir, hekayə, povest və romanlar müəllifi olan Arif Ərşad dünya klassiklərinin əsərlərini tərcümə etməklə yanaşı, həm də arada aforizimlər də yazır. Son yazdığınız aforizmlərdən bir-ikisini söyləyə bilərsinizmi?
- Elə ağlıma gələn son üçünü söyləyə bilərəm.
1. Başqa evdə bişən halva şirin olar!
2. Arzulamaq məqsədə çatmağın yarısıdır!
3. Kişi, ağzından çıxan sözü boydadır!
- Artıq ömürünün yetmişinci onluğunu xırdalayan Arif Ərşad keçmişə baxanda nələrəsə heyfislənirmi?
- Açığını deyim ki, çox heyfsilənirəm! Əsasən də ömrümün belə sürrətlə ötüb keçməsinə çox, çox... heyifsilənirəm!.. ( Bu sözdən sonra o, susur və harasa uzaqlara baxır. Mən onun gözlərində gələcəyə böyük ümid işartısı görürəm)
P. S. Dostum Arif Ərşaddan ayrılıb, evə gələndə yadıma məşhur yazıçıReyhani Aminin bu kəlamı düşdü: “Azad yazıçı - öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərini, hətta hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü çəkinmədən deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə və gələcəkdə çətinliklə də olsa xalq tərəfindən alır, amma kiməsə xoş gəlmək üçün indiki dövr üçün yazanlar, məddahlıq edənlər isə inanıram ki, gələcəkdə xatırlanmayacaqlar”.
Bəli. Tarixi hər hökmdar özünə uyğun yazdırdığına görə, hər dövrün əsl tarixini biz ədəbiyyatdan öyrənə bilərik və bilirik. Bax, Arif Ərşad da heç kimdən çəkinmədən, məddahlıq etmədən bu günün tarixini yazıb gələcək nəsillərə çatdıran böyük yazıçıdır. Mən, fəxr edirəm ki, belə dostum var.
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi
Sumqayıt şəhəri, 05 fevral 2025-ci il