AZ

Luka Xakes və Finn Yelç “Ştutqart”da

Almaniyanın “Ştutqart” klubu heyətini iki yeni futbolçu – mərkəz müdafiəçiləri Luka Xakes və Finn Yelç ilə gücləndirib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Yelç “Nürnberq”dən 9,5 milyon avroya, Xakes isə “Lutsern”dən 6,5 milyon avroya transfer olunub. 21 yaşlı Luka yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb. 18 yaşlı Finn isə “Ştutqart”la 2030-cu ilin 30 iyununa qədər müqavilə bağlayıb.

Finn Yelç futbola “Rayterzayx”da başlasa da, “Nürnberq”in yetirməsi hesab olunur. Almaniyalı futbolçu bu klubun əsas komandasında 33 oyuna çıxıb, 1 qol da vurub. O, Alnaniyanın U-16, U-17, U-18 yığmalarında forma geyinib, ötən ildən isə U-19-a dəvət alır.

Luka Xakes isə “Lutsern”in yetirməsidir. 21 yaşlı isveçrəli futbolçu bu klubun əsas komandasında 66 oyuna çıxıb, 3 qol vurub. O, İsveçrənin U-15, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas milliyə dəvət almayıb.

“Ştutqart” serbiyalı hücumçusu Yovan Miloşeviçlə də yollarını ayırıb. Bundesliqa təmsilçisi 19 yaşlı forvardı Serbiyanın “Partizan” klubuna icarəyə verib. Gənc futbolçu cari mövsümün sonunadək ölkəsində çıxış edəcək. Mövsüm bitən kimi isə o, yenidən “Ştutqart”ın düşərgəsinə qayıdacaq. Miloşeviçin Almaniya klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Yovan Miloşeviç Serbiyanın “Voyvodina” klubunun yetirməsidir. “Ştutqart” onu 2023-cü ilin yayında 1,2 milyon avroya transfer edib. Serb hücumçu cari mövsümün ilk dövrəsini “Sankt Qallen”də icarədə keçirib. O, Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, hazırda U-21-də çıxış edir.

Seçilən
79
arena.az

1Mənbələr