AZ

Rusiya məsələnin unudulması, ikinci plana keçməsini gözləyir - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“İlk gündən bəlli idi ki, AZAL-ın sərnişin təyyarəsi vurulub. Təyyarəmizin Rusiya tərəfindən vurulduğu də bəlli idi. Artıq təyyarə vurulandan sonra Rusiya bilirdi ki, hansı təyyarəni, nə zaman, kimlər və necə vurub. Bu məsələdə Azərbaycanla bir yerdə olduğunu bəyan etməli, həlak olanlarla bağlı başsağlığı verib üzr istəməli, onlara təzminat ödəməli, təyyarənin pulunu ödəməli idi. Yəni, beynəlxalq hüquqa görə dünyada bu cür vəziyyət olanda digər ölkələr hansı addımı atırsa, Rusiya da o addımı atmalı idi. Rusiya Azərbaycanla müttəfiq olduğu üçün hələ bunu artıqlaması ilə etməlidir. Ancaq dövlətə, qonşuya yaraşmayan addımlar atır”.

Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Ekspert qeyd edib ki, Azərbaycan cəmiyyətində Rusiyaya böyük inamsızlıq var:

“Azərbaycan xalqı yaxşı bilir ki, ölkəmizi “Gülüstan” və “Türkmənçay” müqaviləsi ilə iki yerə parçalayan Rusiyadır. Rusiya bizim torpaqlarımızın bir hissəsində Ermənistan yaradıb. Azərbaycanın böyük faciələri iki-üç əsrdir çar Rusiyası, sovet Rusiyası ilə bağlıdır. Daha sonra Xalq Cümhuriyyətinin süqut etməsi Göyçə, Zəngəzurun Ermənistana verilməsi, 1948-53-cü ildə azərbaycanlıların Ermənistandan deportasiyasına dəstək olması, ardınca 20 yanvar hadisələrində, 1-ci və 2-ci Qarabağ müharibəsində Ermənistanı davamlı dəstəkləməsi, bu ölkəmi silahla təmin etməsi faktdır. Rusiya Ermənistana dəstək olmasaydı, Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Bunları Azərbaycan xalqı bilir və unutmur”.

E.Həsənli vurğulayıb ki, Rusiya son dövrlər özü haqqında yaranmış yaxşı imicin üstündən təkrar xətt çəkir və bu zaman da insanlarımızın yadına 90-cı illərin hadisəsi, Xocalı soyqırımı, ərazilərimizin işğalı düşür. Buna görə də itirən Rusiya olacaq:

Ekspert vurğulayıb ki, artıq AZAL-ın vurulması faktları aydındır və Rusiya da məsələni uzadıb, daha sonra yaddan çıxarıb ikinci plana keçməsini gözləyir:

“Bu da təəssüf hissi doğurur, istər-istəməz Azərbaycan xalqının yadında qalacaq ki, bax bu da müasir Rusiya, bu da müasir Rusiyanın Azərbaycana yanaşması. Rusiya yaxşı olar ki, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Qazaxıstanın açıqlamasından sonra günahkarı cəzalandırıb, təzminat ödəsin, Azərbaycan dövlətindən, xalqından təkrar üzür istəsin. Yox əgər məsələnin üstündən yenə keçilməsini gözləyəcəksə, bu, ən çox Rusiyanın zərərinə olacaq. Özü də bir neçə istiqamətdə - Azərbaycanda Rusiyaya inam daha da sarsılacaq, Azərbaycan ictimaiyyətinin, xalqının yaddaşında Rusiya imici elə çar, sovet Rusiyasındakı imic kimi qalacaq”.

Seçilən
55
hafta.az

1Mənbələr