Cənubi Koreyanın Maliyyə Nazirliyi Çinin süni intellektlə işləyən yeni "DeepSeek" adlı chatbotuna girişi bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi agentliyə bildirib ki, məmurlar arasında bu xidmətdən istifadəyə qoyulan bu məhdudiyyət generativ süni intellekt xidmətləri vasitəsilə mühüm məlumatların potensial sızması riskləri ilə bağlıdır.
"DeepSeek ilə ölkə daxilində və xaricdə yaranan çoxsaylı texniki problemlərə görə biz xarici şəbəkələrə qoşulmuş kompüterlərdə xidmətə girişi bloklamağı planlaşdırırıq", - nazirliyin sözçüsü bildirib.
Qeyd olunur ki, bir gün əvvəl Cənubi Koreyanın xarici işlər, ticarət və müdafiə nazirliklərinin kompüterlərində xidmətə giriş məhdudlaşdırılıb. Birləşmə Nazirliyi həmçinin DeepSeek də daxil olmaqla süni intellekt xidmətlərinə girişi bloklamağı planlaşdırır.