Son zamanlar ölkəmizdə kibercinayətkarlığın artması, xüsusən bank tətbiqlərində şəxsi məlumatların və vəsaitlərin oğurlanması ciddi narahatlığa səbəb olub. Lakin bu cür halların qarşısını almaq üçün bir neçə tədbirin həyata keçirilməsi vacibdir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən informasiya texnologiyaları (İT) üzrə ekspert Araz Mustafa bildirib ki, kibercinayətlərdən qorunmağın ən effektiv yolunun kibertəhlükəsizlik tədbirlərinin tətbiq olunmasıdır.
“Kibertəhlükəsizlik kibercinayətlərdən müdafiə üçün informasiya təhlükəsizliyi üzərində aparılan tədbirlər toplusudur. Məlumdur ki, qurulmuş bir sistem varsa, bu sistemi pozmağa çalışanlar da var. Yeni dünyada isə bu, kibercinayətkarlıq sayılır. Kiberhücumların vurduğu ziyanın əhatəsi kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə, “ağıllı” adlanan bütün texnoloji ekosistemə, kritik infrastruktur sistemlərinə və s. qədər kəskin şəkildə genişlənməkdədir!.
Ekspertin fikrincə, bu günlərdə elektronlaşmanın genişlənməsi ilə kartlardan istifadəyə imtina etmək qeyri-mümkündür:
“Buna görə də banklardan istifadə edərkən istifadəçilər diqqətli olmalı və kibercinayətkarlığa qarşı müvafiq tədbirlər görməlidirlər. Biz bilirik ki, bütün banklar, müəssisələr hər biri elektronlaşmaya keçir. Sadəcə bank profillərindən istifadə edən zaman diqqətli olmaq lazımdır. Kiberhücümların qarşısını almaq üçün şəxslər bir neçə təlimatları bilməlidir. Hansı ki, bu təlimatlar onların şəxsi məlumatlarının, şəxsi vəsaitlərinin qorunması üçün əhəmiyyətlidir. Bank tətbiqlərindən şəxslərə göndərilən SMS məlumatlarını başqa şəxslərə yönləndirmək, naməlum kənar ölkələrdən gələn zənglərə cavab vermək olmaz. Həmçinin son zamanlar qanunsuz lisenziyasız qumar oyunları saytından da insanlara müəyyən təkliflər edilir. Sadəcə bunlardan uzaq durmaq lazımdır”.
Bundan əlavə, mütəxəssis bankların da kibercinayətkarlığa qarşı müəyyən təhlükəsizlik tədbirləri görməli olduğunu vurğulayıb:
“Müəyyən bankların mobil tətbiqlərində rəqəmsal inteqrasiyanın imzası göstərilir. Artıq bəzi bankların rəsmi profilində görürük ki, əməliyyatlarınızı gücləndirilmiş rəqəmsal imza ilə təsdiq edin. Düşünürəm ki, bütün banklar da mütəmadi olaraq buna keçid etsə, onda banklara qarşı olunan kiberhücümların qarşısını almaq olar”.
Nəzrin Bünyatova