AZ

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Gəncə, 6 fevral, Elcan Məmmədov, AZƏRTAC

“Alkan Consulting Group” MMC-nin Müşahidə Şurasını sədri Avni Dəmirçi, “Vital Chemistry” MMC-nin rəhbəri Vüqar Həmidov və “Rean Earth” şirkətinin rəhbəri Renu Singh Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru Zəfər Qurbanov qonaqlara ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və hədəfləri barədə geniş məlumat verib.

Daha sonra universitetin tanıtım çarxı nümayiş olunub.

Müzakirələr zamanı mütəxəssis hazırlığında birgə əməkdaşlığın həyata keçirilməsi, təcrübə və tədqiqatların aparılması məsələləri də müzakirə edilib.

Sonda “Alkan Consulting Group” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qonaqlar universitetin bir qrup professor-müəllim heyəti ilə görüş keçiriblər. Görüşdə təmsil etdikləri müəssisələrin fəaliyyəti və həyata keçirdikləri tədqiqatlar barədə təqdimatlar ediblər.

Sonra qonaqlar universitetin müasir laboratoriyaları, Gəncə Dövlət Aqrar Kolleci, tələbə evləri, istixana kompleksi, açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, Biotexnologiya mərkəzi və Tədris-təcrübə təsərrüfatında olublar.

Seçilən
4
azertag.az

1Mənbələr