AZ

Gürcüstanda "Nürnberq prosesi"nə başlanması etiraz aksiyalarını və qarşıdurmanı genişləndirəcək -ŞƏRH

Gürcüstanın öz qaranlıq keçmişinə qayıtmaması üçün bir növ “Nürnberq prosesi” lazımdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Biz ölkəmizi sona qədər geri almalıyıq, bunun üçün hər şeyin öz adı - cinayətkarın cinayətkar, xarici agentin isə xarici agent çağırılması lazımdır. Əslində bu cinayətlər məlumdur, bu həbsxanalarda insanların qətli, işgəncələr, biznes reketliyi, 2008-ci ildəki hərbi cinayətlərdir. Bütün bunlar bizə məlumdur, lakin hər şeyi bir daha aydınlaşdırmaq lazımdır ki, ictimaiyyətə hər şey xatırladılsın.
Bizə bir növ “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın. Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, - Baş nazir qeyd edib.

Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, İrakli Kobaxidzenin fikirlərində həm daxilə, həm də xaricə mesaj var:

"Gürcüstan hökuməti faktiki olaraq sübut etmiş olur ki, onların əlində biznes reketliyi, iş adamlarına qarşı işgəncələr, oğru aləminə qarşı Saakaşvilinin başlatdığı cəzalandırma yöntəmi, insanların həbsxanada qətli, müharibə cinayətləri və s. haqqında çox ciddi faktlar var. İlk növbədə Gürcüstan Baş nazirinin qeyd etdikləri gürcü xalqına qarşı yönəlib. Artıq uzun müddətdir ki, müxalifətin etiraz aksiyaları davam edir və hökuməti tanımırlar. Gürcüstan hökuməti bundan çox ehtiyat edir. Hətta deputatların üçdə biri parlamentdə oturmur. Onların mandatının ləğv edilməsi məsələsi gündəmdədir. Eyni zamanda "Nürnberq prosesi" Almaniyada nasistlərin kütləvi şəkildə həbs və edamı ilə nəticələnmişdi. Buna görə də müxalifətə mesaj verilir ki, Gürcüstan ərazisində müxalifətə qarşı çox geniş repressiya əməliyyatlarına başlaya bilərik".

Politoloq əlavə edib ki, Gürcüstan Baş naziri çalışır ki, vətəndaş cəmiyyətində müxalifətin hakimiyyətin legitimliyini tanımaması ilə bağlı müqavimətini sındırsın:
"Digər tərəfdən onun fikirləri ölkə xaricinə şamil edilib. Çünki sözügedən etirazlar Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən dəstəklənir. Aİ Açıq şəkildə maliyyə və siyasi söyləmlərlə Gürcüstana qarşı yeni sanksiyalar və viza rejiminin sərtləşməsi haqqında ilkin qərarlar verib. Hətta hakimiyyətə qoyulan şərtlərdə bir il ərzində yeni seçki keçirilməsinə çağırış, buna qarşı olanlara isə güc tətbiq etmək var idi. Buna görə də xarici qüvvələrə bildirirlər ki, siz müxalifətçilərə olan dəstəklərinizi geri çəkin. Ümumiyyətlə Gürcüstan "Nürnberq prosesi"nə başlasa bu, etiraz aksiyalarını və qarşıdurmanı daha da genişləndirəcək. Həmçinin hakimiyyətin gözlədiyi kimi qorxu, çəkinmə yox, tam əksinə effekt verə bilər".
Seçilən
20
sherg.az

1Mənbələr