Son günlər Azərbaycanda çörəyin bahalaşdığı ilə bağlı qeyri-rəsmi məlumatlar yayılmaqdadır. Sosial şəbəkələrdə paylaşılanlara əsasən, çörəyin qiymətində 5-10 qəpik artım müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin verdiyi xəbərə görə, yanvarın 30-dan etibarən ölkədə 50 kiloqramlıq unun son topdansatış qiymətləri 20-28 manat arasında dəyişir. Azərbaycanda yerli buğda istehsalı illik 1.2-1.3 milyon ton təşkil edir. Bu da ölkənin tələbatını ödəmir. Bu da o deməkdir ki, ölkədə unun qiymətində dəyişiklik yoxdur.
Bəs çörəyin qiymətində süni artım nəyə əsaslanır?
Mövzu ilə bağlı Medianews.az araşdırma aparıb.
Saytımıza açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkəmizdə illik una təlabat 3 milyon tona yaxındır:
“Azərbaycanda 1.2-1.3 milyon ton un istehsal olunur. Lakin digər hissəsi xarici ölkələrdən idxal olunur. Əsasən də Rusiya və Qazaxıstandan. Dünya bazarında loqistika qiymətlərinin artmı, həmçinin də mövsümlə əlaqədar buğdanın müəyyən artımı baş verib. Bu da qiymətlərə təsir göstərir. Bir-iki il bundan öncə də ucuzlaşma baş vermişdi. Hazırda ölkədə unun qiyməti sərbəstdir. Qiymət bazar münasibətləri ilə formalaşır və açıq rəqabət formasında da proses gedir. Bu baxımdan da unun qiymətində dəyişikliklər prosesə öz təsirini göstərir. Hesab edirəm ki, bu cür hallar bazar münasibətlərində təbiidir. Qiymət dəyişkilikləri bazarda unun və taxıl məhsullarının qiymətləri ilə bilavasitə bağlıdır”.
Sosioloq Lalə Mehralının sözlərinə görə isə yerli taxıl çörək üçün yararlı deyil, həm də təlabatı ödəyəcək qədər istehsal yoxdur, ona görə də təlabat xaricdən alınan un və ya taxıl hesabına ödənilir. Bu səbəbdən dünya bazarındakı cüzi artım bizə də təsir edir:
“Ölkəmizdə taxıl əkininə güzəştlər, subsidiyalar var, amma buna rəğmən fermerlər taxıl əkmək istəmir, daha gəlirli əkin növü ilə məğul olurlar. Biz özümüzü ən yaxşı halda 25 faizədək təmin edə bilirik. Ona görə də idxaldan asılıyıq. Dünya bazarında taxılın qiymətində cüzi bahalaşma var, təbii ki davam edəcəyi ehtimalını düşünərək istehsalçılar öz biznes tədbirlərini görür.
Sahibkarlar iddia edir ki, bahalaşmaya adekvat çörəyin çəkisi artıb. Doğrudur, çəki artıb, amma kütlə olaraq artıb, qida dəyəri isə əksinə. Çəki artımı ilə eyni zamanda keyfiyyət aşağı düşüb. Çörəyin bişmə müddətini azaldırlar, çörək nəm qalır, nəmli qaldığı üçün də çəkisi artır, dolayısı ilə zərərli qidaya çevrilir. Həmçinin taxılın, unun keyfiyyəti də qənaətbəxş deyil, nəticədə istehlaka yararsız çörək istehsal edilir. İnsan qidası olmayacaq keyfiyyətdə olan unu xüsusi maddə ilə ağardıb normal görünüşlü una çevirirlər, çörək zavodları bu undan çörək bişirirlər”.
Oğuz Ayvaz
Medianews.az