Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
Turan Agentliyinin bu məlumatları təsdiq etmək xahişi ilə Azərbaycan XİN-ə ünvanladığı sorğular cavabsız qalıb.
Eyni zamanda, "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Rusiya KİV-lərinə bunun həqiqətən də belə olduğunu təsdiq edib.
Onun sözlərinə görə, RF XİN də, RF-nin Bakıdakı Səfirliyi də, "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyi də "qeydiyyatda köməklik göstərilməsi xahişi ilə dəfələrlə Ədliyyə Nazirliyinə və Azərbaycan XİN-ə müraciət edib". Lakin bütün bu çağırışlar cavabsız qalıb, deyə
Primakov "RİA Novosti"yə bildirib.
Göründüyü qədər, Bakı dekabrın 25-də Qroznı üzərində AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməkdən
imtina edən Moskvaya təzyiq göstərmək qərarına gəlib.
Əminliklə demək olar ki, rəsmi Bakı bununla kifayətlənməyəcək və gərginliyi artıraraq, Rusiyanın təyyarənin qəzasına görə təqsirini etiraf etməsinə və təzminat ödəməsinə nail olmağa çalışacaq.