Bakı, TurkicWorld
Türkiyənin Eurofighter Typhoon döyüş təyyarələri alacağı ilə bağlı yayılan məlumatlara Milli Müdafiə Nazirliyindən açıqlama gəlib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Türkiyə uzun müddətdir 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi almaq üçün İngiltərə Müdafiə Nazirliyi və BAE Systems ilə danışıqlar aparır.
Lakin İspaniya mətbuatı Türkiyənin alacağı ilk 20 təyyarənin ikinci əl olacağını iddia edib.
Bu iddialara cavab olaraq, “Hərbi Hava Qüvvələrimizin əməliyyat ehtiyaclarını qarşılamaq üçün 40 ədəd Eurofighter Typhoon təyyarəsinin alınması istiqamətində səylər davam edir. Biz müxtəlif konfiqurasiyada 40 təyyarə almaq istəyirik. Bu birləşmələr dəyişə bilər, hazırda heç nə dəqiq deyil. Tələblərin Tərifi Sənədi Böyük Britaniya Müdafiə Nazirliyinə və müvafiq şirkətə göndərilib. Onlardan qiymət təklifini gözləyirik. Bizim tələbimiz odur ki, alınacaq ilk təyyarələr yeni istehsal olsun. Amma bunun necə olacağını bizə gələn təklif müəyyən edəcək.” - deyə nazilikdən bildirilib.
Qeyd edək ki, Eurofighter Typhoon hava üstünlüyü, quru və dəniz hədəflərinə qarşı əməliyyatlar üçün nəzərdə tutulmuş 4,5 nəsil döyüş təyyarəsidir.
İngiltərə, Almaniya, İtaliya və İspaniya tərəfindən birgə hazırlanmış bu təyyarə yüksək manevr qabiliyyətinə malikdir və hava döyüşlərində üstünlük təmin edir.
2450 km/saat sürətə çata bilən Eurofighter Typhoon, dünyanın ən sürətli 4,5 nəsil döyüş təyyarələrindən biri hesab olunur.
Türkiyənin hava döyüşündə kritik əhəmiyyətə malik Meteor Hava-Hava Raketini də bu təyyarələrlə birlikdə alacağı iddia edilir.