AZ

14 yaşlı uşaqların hərbi qeydiyyatı- sovet təcrübəsindən imtina zamanı deyil?!...

Image

İbrahim Rüstəmli: “Oğlan uşaqları üçün bu prosesin 14 yaşından başlanmasının...”

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydalarına görə, 14 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınır. Bu əvvəl 15 yaşı tamam olan vətəndaşlara aid idisə, indi yaş həddi 14-ə endirilib. 

14 yaşlı vətəndaşların ilkin hərbi qeydiyyata alınması cəmiyyətdə geniş müzakirə olur. Əksəriyyət hesab edir ki, vətəndaşlarının 14 yaşından ilkin hərbi qeydiyyata alınması qaydaları dəyişməlidir. Bunun Sovet dövründən qalma ənənə olduğu fikrində olanların qənaətinə görə, müharibə yoxdur, dövlət keçmiş Qarabağ problemini həll edib, ərazi bütövlüyünü bərpa edib və hər hansı bir müharibə təhlükəsi də gözlənilmir, bu halda 14 yaşlı oğlanların ilkin hərbi qeydiyyata alınmasına zərurət yoxdur.   

Sovet hökuməti daim müharibə əhvalında idi, ABŞ-dan, başqa ölkələrdən hücum təhdidi olacağını düşünürdü və bu səbəbdən də vətəndaşların bu yaşda ilkin hərbi qeydiyyatını aparırdı. Azərbaycanda isə bu gün bu ənənənin dolayısı ilə davam etdirilməsinə hazırda zəururət yoxdur. Bu fikirdə olanlar az deyil. Vətəndaşların 14-15 yaşından  ilkin hərbi qeydiyyata alınması nəyə lazımdı?

Bu sovet dövründən qalma ənənəni saxlamağa nə zərurət var? Müharibə yox, başqa hərbi təhlükə yox, bu halda buna nə ehtiyac var?  

Nəzərə alsaq ki, əksəriyyət bu yaşda uşaqların ilkin hərbi qeydiyyatını düzgün hesab etmir və bildirirlər ki, oğlan uşaqları ən azından 16 yaşdan ilkin hərbi qeydiyyata alınmalıdır, bu halda 14 yaşlı uşaqların hərbi qeydiyyatından, sovet təcrübəsindən imtina zamanı deyil?

“Burda mənfi bir şey yoxdur”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində “çox maraqlı suallardır. Mən bu sual ətrafında oturub geniş analitik fikirlər irəli sürmək, nəsə bir layihə üzərində işləmək kimi məsələlərdən uzağam. Amma ilk növbədə onu demək istəyirəm ki, 14 yaşlı uşaqların ilkin hərbi qeydiyyatının aparılması ordu quruculuğunun çox mühüm, əhəmiyyətli baza hissəsidir. Təsəvvür edin, hər il on  minlərlə uşaq ilkin hərbi-tibbi qeydiyyatdan keçir. Rayonlar üzrə onların qeydiyyatı məsələsi o qədər gərgin prosesdə davam edir ki, çatdırmaq olmur. Ona görə də məktəblərin, xüsusilə də hərbi hazırlıq müəllimlərinin dəstəyindən, köməyindən istifadə olunur. İnanmıram ki, bu prosedurun, yəni uşaqların 16 yaşdan başlayaraq ilkin hərbi-tibbi qeydiyyata alınmasının həyata keçirilməsi gələcəkdə problem yaratmasın. Bu çox ciddi kontingentdir. İlkin hərbi-tibbi qeydiyyata düşməklə o uşaqlar haqda məlumatlar portalda yerləşdirlir. Yəni ordu quruculuğu işinin kadr məsələsi, komplektləşdirilməsi və sair baxımından bu qeydiyyata alınma çox böyük əhəmiyyət daşıyır. Bu statistik baxımdan da əhəmiyyətlidir. Biz hər il 14 yaşı tamam olmuş uşaqları ilkin hərbi-tibbi qeydiyyatdan keçirməklə ən azı 4 ildən sonra ordumuzun sırasına daxil edə biləcəyimiz imkanları bu və digər şəkildə müqayisəli formada müəyyənləşdiririk. Bu çox önəmli və mürəkkəb məsələdir”.

İ.Rüstəmli qeyd etdi ki, bu səbəbdən də bu prosesin 16 yaşdan başlayaraq həyata keçirilməsi çətinliklər yarada və qeydiyyat məsələsində ciddi problemlərə yol aça bilər, yəni bu işi tam başa çatdırmaq mümkün olmaz. “Çünki burda başqa problemlər də var. Yəni hərbi mükəlləfiyyətli olmaq və bunun üçün qeydiyyatdan keçmək həm də ona görə vacibdir ki, onlara “ağ bilet” verilir, eyni zamanda uşaqlar şəxsiyyət vəsiqələrini dəyişdirərkən onlardan “ağ bilet” tələb olunur. Bu tələb də haqlıdır. Ümumiyyətlə, oğlan uşaqları üçün bu prosesin 14 yaşından başlanılmasının heç bir mənfi tərəfi yoxdur, əksinə, prosesi xeyli yüngülləşdirir. Bir də onu nəzərə almaq lazımdır ki, 14 yaşla qeydiyyatdan keçmə ilə iş bitmir. Hər il yeni bir komanda gəlir, bu iş dayanmadan davam edir. Eyni zamanda nəzərə alsaq ki, 14 yaşından 18 yaşına qədər uşaqların hərbi məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yerlərdəki şöbələri ilə bir sıra ciddi təmasları olur. Yəni burda əsgərliyə getmək, əsgərlikdən qayıtmaq, eyni zamanda əsgərliyə qədər ortaya çıxan bəzi məsələlər var ki, bunlar da zaman-zaman həll olunur”. 

İ.Rüstəmli deyir ki, uşaqların qeydiyyatını 14 yaşlarında aparmaqla biz bir addım irəli gedirik və bu özündə müsbət istiqamətləri ifadə edir. “Bu baza hissəsini formalaşdırmaq çox böyük əhəmiyyət kəsb edir və bu baza hissəsini də formalaşdırmaq üçün qeydiyyatın erkən yaşda başlanılmasını məqsədəuyğun sayıram. İlkin hərbi-tibbi qeydiyyatın aparılmasını 16 yaşa keçirməyin nə mənası var ki? 

Biz 14 yaşlı uşaqları hərbi-tibbi qeydiyyatdan keçiririk. Ona görə də, oğlanların 14 yaşında ilkin hərbi-tibbi qeydiyyatdan keçirilməsi çox aktualdır. Amma 16 yaşda bir az sıxlıq, problemlər yarana bilər. Məncə, 14 yaş tam uyğundur. Nə olsun ki bu ənənə sovet dövründən qalıb? Burda mənfi bir şey yoxdur. Sovet dövründən qalma məsələ olsa da, burda mənfilik axtarmaq düzgün deyil. 

Bəri başdan deyim ki, qəti antisovetəm, o rejimi heç vaxt bəyənməmişəm. Amma sovet rejiminin özünün də yaxşı tərəfləri vardı, onları eynilə həyatımıza tətbiq etməyimiz mənfi bir şey deyil”-deyə İ.Rüstəmli bildirdi. 

İradə SARIYEVA 





Seçilən
31
baki-xeber.com

1Mənbələr