![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/teyyare.webp)
Əli Mustafa: “Bütün bunlar onu göstərir ki, burda məqsədli bir təxribat var”
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb.
Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
Bu məlumat yanvarın 4-də Turan xəbər agentliyinin yayımladığı xəbərdən sonra ortaya çıxıb. Həmin xəbərdə bildirilirdi ki, prezident təyyarəsi qəfil Rusiya hava məkanını tərk edərək gözlənilməz radio-texniki problemlər səbəbindən Bakıya qayıdıb. Xüsusilə, Azərbaycan Nəqliyyat Nazirliyi qeyd edib ki, AZAL J2-8243 reysi Rusiya hava məkanı, o cümlədən Qroznı hava limanı üzərindən uçuş zamanı GPS siqnallarını itirib. Bu, siqnalın yalnız Çeçenistan üzərində deyil, həmçinin təyyarənin uçduğu digər Rusiya hava məkanında da itməsini göstərir. Bu açıqlamanın zamanlaması 25 dekabr tarixində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən AZAL J2-8243 reysi qəzası ilə bağlı Azərbaycanın apardığı araşdırmaya verdiyi reaksiya ilə üst-üstə düşür. Diqqət çəkən məqam odur ki, hər iki təyyarə oxşar texniki problemlərlə, xüsusilə də Rusiya nəzarətində olan hava məkanında GPS siqnallarının itirilməsi ilə üzləşib.
Digər tərəfdən, məhz bütün bunlardan sonra Rusiyanın bir sıra cənub bölgələrinə Bakıdan uçuşlar təxirə salındı. Bütün bunlar sübut edir ki, ortada nəsə var. Belə görünür ki, həmin gün prezident təyyarəsi də texniki müdaxiləyə məruz qalıb. Çünki əgər Bakıdan Qroznoya uçan təyyarə vurulandan 8 dəqiqə sonra “Kovyor” rejimi elan olunubsa, deməli, heç prezidentin təyyarəsi də “Kovyor” rejimi barədə öncədən xəbərdar edilməyib. Bu isə çox təhlükəli məqamlardan xəbər verir.
“Azərbaycan müstəqil siyasət yeritdiyi üçün Moskva bunu həzm edə bilmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, bütün bunlar onu göstərir ki, burda məqsədli bir təxribat var: “Həmin gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi toplantısı var idi. Təyyarələrə Rusiyanın hava məkanında edilən texniki müdaxilələr onu deməyə əsas verir ki, həm Qroznı üzərində təyyarəyə edilən müdaxilə, həm də Prezident İlham Əliyevin təyyarəsinə edilən müdaxilələr Rusiyanın siyasi rəhbərliyinin verdiyi qərardır. Düşünmürəm ki, burda hansısa təsadüflər var. Çünki səfərlər qabaqcadan planlaşdırılır, tərəflər məlumatlandırılır. Qroznıya dron hücumu var idisə, o zaman gərək dərhal Azərbaycan tərəfini məlumatlandıraydılar. O cümlədən, prezidentin təyyarəsi də məlumatlandırılmalı idi. Bunların heç biri baş verməyib. Bu onu göstərir ki, Rusiya məqsədli şəkildə bunu edib. Bütün bunlar həm də yeni Rusiya imperiyasının yaradılmasına hesablanan cəhdlərdir. Fikrimcə, bununla Azərbaycana təzyiq etmək, ölkəmizi qorxutmaq məqsədi güdüblər. Bir formada ölkəmizin suverenliyinin itirilməsinə yönələn cəhdlər olub. Yəni ölkəmizi buna razı salmağa yönəlik cəhdlər olub. Rusiya bu gün Ukraynada müharibə aparır. Digər postsovet ölkələrinə isə başqa formada təzyiqlər göstərir. Başqa bir tərəfdən, bu gün biz Gürcüstanda da baş verənləri bilirik. Rusiya orada açıq formada gürcü xalqının iradəsinə müdaxilə edir. Azərbaycan müstəqil siyasət yeritdiyi üçün Moskva bunu həzm edə bilmir. Ona görə də müxtəlif odioz vasitələrə, təzyiqlərə əl atırlar. Ancaq bütün hallarda, təyyarə ilə bağlı baş verənlər beynəlxalq hüquqa, dövlətlərarası münasibətlərə ziddir. Bunlar onu göstərir ki, Azərbaycan son dərəcə diqqətli olmalıdır. Rusiya bizim üçün təhdid mənbəyidir. Biz sürətlə bu dövlətin nüfuz dairəsindən çıxmalıyıq. Moskvanın Azərbaycanda təsir imkanlarını aradan qaldırmalıyıq. Türkiyə ilə əməkdaşlığımızı dərinləşdirməliyik. Eyni zamanda Azərbaycanın təhlükəsizlik çətiri məsələsində digər istiqamətlər barəsində düşünməliyik”.
Vidadi ORDAHALLI