![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/1738850826_qeza12.webp)
Rusiya köhnə mərəzi ilə məsuliyyətdən yayınmağın yollarını arayir
Məlum olduğu kimi, 25 dekabr 2024-ci il tarixində Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “AZAL”a məxsus "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb, hazırda hadisənin istintaqı davam edir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) tələblərinə görə, araşdırmanı ərazisində qəza baş verən dövlət aparmalı və "qara qutu"ların nəticələri əldə edildikdən sonra bir ay müddətində ilkin hesabat, bir il müddətində isə yekun hesabat ictimaiyyətə və maraqlı tərəflərə təqdim edilməlidir. Məhz bu səbəbdən Qazaxıstan hökuməti bir neçə gün əvvəl hadisənin istintaqı barədə ilkin hesabatı açıqladı.
Açıqlanan ilkin hesabatın şərhinə başlamazdan əvvəl qeyd edək ki, Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi "qara qutu"ların oxunma nəticələrini Qazaxıstana təqdim edəndən dərhal sonra Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan etmişdi ki, nəticələr mediada sərgilənən mülahizələri doğrultmur. Həmin vaxtdan ilkin hesabat dərc edilənə qədər Rusiya mediası bu tezis üzərində kökləndi və hər vəchlə təyyarə qazasında Rusiya tərəfinin günahının olmadığını "sübut etməyə" çalışdı. Lakin ilkin hesabat Lavrovun təxminən bir ay əvvəl verdiyi bəyanatın heç bir əsası olmadığını, yalnız onun arzusunu ifadə etdiyini təsdiqlədi. İlkin hesabatdan sonra isə Rusiya hələ ki, susur.
Əslində açıqlanan ilkin hesabat Azərbaycan və dünya mediasının ilkin mülahizələrini təsdiqlədi. İlkin hesabatdan aydın olur ki, "Embraer 190" təyyarəsi Qroznı hava məkanına daxil olana qədər heç bir problem yaşamayıb, lakin Qroznı hava limanına eniş zananı çətinliklərlə üzləşib. Belə ki, hesabatda qeyd edilir ki, təyyarə hava şəraitinin pis olması səbəbindən iki cəhddə eniş edə bilməyib. Birinci cəhddən sonra təyyarənin enməsi üçun hava limanında heç bir tədbir görülməyib, amma təlimata görə, müvafiq tədbirlər görülməli idi. Məsələn, eniş zolağı güclü işiqlandırma rejiminə keçməli və dispetçerin komandası ilə təyyarənin enişinə nail olunmalı idi. Amma bu cəhdlərin heç biri edilməyib.
Üstəlik, Qroznı üzərində ilk eniş cəhdinə qədər təyyarənin GPS siqnal sistemi sıradan çıxıb. Bu isə Rusiya HHM-in elektron vasitələrə qarşı mübarizə sisteminin aktivləşməsi nəticəsində baş verib. Yəni təyyarə ilk enişi edərkən naviqasiya sistemi sıradan çıxarıldığına görə pilot mexaniki olaraq eniş etməyə cəhd göstərib. Lakin görmə məsafəsi az olduğundan normal eniş etmək ehtimalı azalıb və ona görə pilot enişə risq etməyib.
Arayış
Məlumat üçün bildiririk ki, "qara qutu" dedikdə CVR (Cockpit Voice Recorder-kabinə diktofonu) radio ötürmələrini və kabinədəki səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləyən xüsusi, odadavamlı cihazlardır. "Embraer 190-100 IGW" təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.
"Embraer 190" nəyə görə Bakıya qayıtmaq qərarından dərhal sonra vurulub?
FDR məlumatlarına görə, təyyarənin ilk eniş cəhdinə qədər GPS (naviqasiya) siqnalının itməsi göstərir ki, HHM sistemi hava gəmisi Qroznı hava məkanina daxil olana qədər aktiv olub, amma bu barədə hava limanına heç bir məlumat verilməyib. Bu, Rusiya tərəfinin birinci suçudur. Biz iddia etmirik ki, bu qəsdən qurulmuş tələdir, hərçənd, ona da bənzəyir. Ola bilsin ki, məmur səhlənkarlığıdır, amma hər halda reallıq budur.
Üstəgəl, təyyarənin sağ qalan sərnişinlərinin ifadəsinə görə, təyyarə eniş zolagına çox yaxın olub, ikinci eniş cəhdində sərnişinlər eniş zolagını görüb, amma nədənsə eniş baş tutmayıb və təyyarə yenidən yüksəklik yığıb. Hələ ki, ilkin hesabatda bu məsələyə aydınlıq gətrilməyib - təyyarə eniş zolağına kifayet qədər yaxınlaşa bilsə də eniş etməyib. Bu pilotun, yoxsa dispetçern qərarı olub? - aydın deyil...
Təyyarənin Qroznı hava limanına ikinci eniş cəhdi baş tutmadıqdan sonra isə pilot Bakıya dönmək barədə qərar qəbul edib. Lakin bu qərar barədə dispetçerə məlumat veriləndən dərhal sonra təyyarə 24 saniyə fərqlə iki zərbə alır. Burada maraqlı bir nüans var. Təyyarənin GPS siqnalının Qroznı səmasına daxil olan kimi, yəni ilk eniş cəhdinə qədər itməsi onu göstərir ki, həmin vaxt HHM sistemi aktiv olub, amma nədənsə təyyarə dərhal deyil, ikinci uğursuz eniş cəhdindən və Bakıya qayıtmaq qərarından sonra vurulub. Çunki HHM sistemi avtomatik aktiv rejimdə çalışan vaxtı səmada hədəfləri seçmədən məhv edir. Rusiya tərəfi bu hadisənin təsadüf olmasını sübut etmək üçün məhz bu suala ağlabatan cavab verməlidir.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən (yəni zərbədən) 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Bu o deməkdir ki, hava gəmisinin idarə edilməsində eniş etmək, yüksəklik yığmaq və digər manevrləri həyata keçirmək mümkünsüz hala gəlib. Ona görə də Milli Qəhrəman Hökümə Əliyevanın pilotun göstərişi ilə sərnişinlərin yerini dəyişdiyi video-çarxlarda əksini tapıb. Pilot əlacsız qalaraq təyyarəni yüklənmə mərkəzini dəyişməklə idarə edib. Təsəvvür edin ki, Milli Qəhrəman, təyyarənin kapitanı İqor Kşnyakin oturub hesablayırmış ki, neçə sərnişinin yerini hara dəyişməklə təyyarənin burnunu filan qədər aşağı endirə və ya yuxarı qaldıra bilər. Təyyarənin texniki vəziyyətini hamıdan yaxşı bilən bir şəxs kimi o, doğrudan qəhrəmanlıq salnaməsi yazıb. Bu cür məhdud texniki imkanlara malik təyyarənin yüzlərlə km məsafə qət etməsi doğrudan bir möcüzədir.
Hava gəmisinin gövdəsində müşahidə edilən deşiklər və deşik açmayan zədələr, mərmi qalıqları təsdiqləyir ki, təyyarə Rusiya HHM sisteminə məxsus "Pansir S1" qurğusundan buraxılan raketlə vurulub. Təyyarənin gövdəsinin arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çoxlu sayda, habelə sol qanadda və sol mühərrikdə eyni zədələr aşkar olunub.
İlkin həsabatda bildirilir ki, mərmi qalıqlarınin mənşəyinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilib.
"Kovyor" əməliyyatı təyyarə vurulandan sonra elan edilib
İlkin hesabatda bildirilir ki, 05:13:32-də təyyarənin əsas idarəetmə sistemləri itirilir. Yəni bu vaxta qədər təyyarə vurulub və saniyələr sonra təyyarə idarəedilməz hala gəlib. Yalnız bundan təxminən 8 dəqiqə sonra - 05:21:42-də əlaqələndirici dispetçer “Kovyor” ("Xalça") əməliyyatı barədə Qroznı hava limanina məlumat verir.
Hərçənd, hadisələrin xronologiyası göstərir ki, real "Xalça" əməliyyəti təyyarə vurulandan daha uzun müddət əvvəl tətbiq edilib, amma bu barədə hava limanına məlumat verilməyib. Bu, faktiki olaraq, ciddi qanun pozuntusudur və konkret cavabdeh şəxslər var. Bu məsələyə cavabdeh olan ən yüksək ranqlı məmur Ramzan Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri Hamzat Kadırovdur. Hansı ki, "Embarer 190" təyyarəsi vurulandan bir neçə saat sonra cəzalandırılmaq əvəzinə əmisi tərəfindən "Çeçenistan qarşısında xidmətlərinə görə" medalı ilə mükafatlandırıldı.
Hesabatda oksigen balonunun partlaması, təyyarənin quş dəstəsi ilə toqquşması kimi rus mediasının uydurduğu versiyalar barədə heç bir əlamət aşkarlanmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilir.
Hazırda "Embraer 190" təyyarəsinə atəş açan Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Çox maraqlıdır ki, Rusiya müstəntiqləri baş vermiş hadisənin xarakterini öyrənmək əvəsinə, daha çox hadisənin baş vermə səbəbini öyrənməyə çalışır.
Bununla yanaşı, vurularaq idarəetmə sistemi sıradan çıxarılan təyyarənin Şimali Qafqazın digər hava limanlarında qəza enişi etməsinə şərait yaradılmayıb. Əgər buna cəhd göstərilsəydi itkilər daha az olardı. Ona görə də bu gün həlak olan 38 nəfərin məsuliyyəti Rusiya hökumətinin üstündədir.
Məsələnin bu qədər aydın olduğu bir şəraitdə Rusiya hökuməti hələ də susmaqda davam edir. Rusiya hökuməti hazırda bu məsuliyyətin altından çıxmaq yollarını axtarmaqdadır. Amma çıxış yolu yoxdur, çunki Azərbaycan hökuməti əlindəki təkzibedilməz dəlillərlə beynəlxalq məhkəməyə müraciət etmək fikrindədir.
Rusiya min bir bəhanə ilə belə məsuliyyətlərdən yayınmağa vərdiş edib. Belə ki, Amsterdam-Kuala-Lumpur reysi ilə uçan “Boinq-777" sərnişin təyyarəsi 2014-cü il iyulun 17-də separatçıların əlində olan Donetsk vilayətində yerə düşüb. ”Malaysia Airlines" şirkətinə məxsus təyyarədə Niderlandın 192, Malayziyanın 44, Avstraliyanın 27, İndoneziyanın 12, Böyük Britaniyanın 10, Almaniyanın 4, Belçikanın 4, Filippinin 3, Kanadanın 1, Yeni Zelandiyanın 1 vətəndaşı həlak olub. Həmin təyyarənin də Rusiyaya məxsus zenit-raket qurğusundan buraxılan mərmi nəticəsində qəzaya uğradığı təsdiqlənib. O vaxt Donetski Rusiya işğal etsə də, hələ ilhaq edilməmişdi. Amma əraziyə Rusiya nəzarət edirdi. Bugünə qədər Rusiya təsdiq edilmiş məsuliyyəti üzərinə götürmür.
Azərbaycan təyyarəsi ilə isə Rusiya eyni mövqeyi axıra qədər davam etdirə bilməyəcək. Ya məsuliyyəti üzərinə götürub, kompensasiya ödəyəcək, ya da Azərbaycan dövləti ilə beynəlxalq məhkəmədə qarşılaşacaq.
Akif NƏSİRLİ