AZ

Gürcüstan parlamenti birpartiyalı oldu- qonşumuzda proseslər necə gedəcək...

Image

Abutalıb Səmədov: “Gürcüstanın gələcəyini daha çox Trampın münasibəti müəyyən edəcək”

Gürcüstan parlamentinin fevralın 5-də keçirilən iclasında müxalifətdən olan 49 deputatın mandatına xitam verilib. Mandatlarına xitam verilən deputatlar “Birlik – Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” partiyalarının nümayəndələridir.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, müxalif deputatlar ötən ilin noyabrında mandatlarına xitam verilməsi ilə bağlı şəxsi qaydada müraciət ediblər.

Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.

Qeyd edək ki, ötən il oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bildiriblər.

Müxalifətdən olan 49 deputatın mandatına xitam verilməklə Gürcüstan parlamenti təkpartiyalı parlamentə çevrildi. 

Gürcüstan parlamenti təkpartiyalı sistemə keçdi, müxalifətdən olan 49 deputat artıq parlamentdə təmsil olunmur. Gürcüstanda indən sonra proseslər necə gedəcək? Qərb bunu necə qarşılayacaq? Ümumiyyətlə, qonşu ölkəni nə gözləyə bilər? 

“Gürcüstanı Qərbin təsir zonasında saxlamaq üçün ciddi qərarlar qəbul olunsa, bu, “Gürcü arzusu” partiyası üçün çətin və həlli mümkünsüz olan problemlər yarada bilər”

"Alyans" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Gürcüstan parlamentində 101 deputat var, onun 89-u hakim “Gürcü arzusu” partiyasını, 12-si “Gürcüstan naminə” partiyasını təmsil edir. A.Səmədovun sözlərinə görə, “Gürcüstan naminə” partiyası mandatdan imtina etmək barədə müraciət göndərməyib və bu səbəbdən 12 deputat hələ ki, mandatdan məhrum olunmayıb. “Ancaq bu deputatlar parlament iclaslarında iştirak etmək fikrində deyillər, bu səbəbdən çox güman ki, yaxın aylarda onlar da parlamentdən uzaqlaşdırılacaqlar, mandatdan məhrum ediləcəklər. Əsas da, parlament iclaslarında iştirak etməmək göstəriləcək. Beləliklə, Gürcüstan parlamenti 89 nəfər “Gürcü arzusu” pariyasının təmsilçilərindən ibarət olacaq. Bundan sonra Gürcüstanı nə gözləyir? Bu, ilk növbədə ABŞ-ın yeni prezidentinin tutacağı mövqedən aslı olacaq. İnauqurasiyadan sonra Tramp bir çox məsələlərə münasibət bildirib, bəzi məsələlərin üzərində dönə-dönə dayanıb, ancaq Gürcüstan barədə bir kəlmə də deməyib. Ona görə həm müxalifət, həm halimiyyət təmsilçiləri Trampın hansı mövqe tutacağını intizarla gözləyirlər. Hərəsinin özünə məxsus arqumentləri, ümidləri var. Məlumdur ki, inauqurasiya mərasiminə Gürcüstan hakimiyyətinin təmsilçiləri dəvət olunmadı, yalnız müxalifət və keçmiş prezident Zurabaşvili orda iştirak etdi. Bayden dövründə Gürcüstana qarşı kəskin addımlar atıldı, strateji tərəfdaşlıq haqqında müqavilənin fəaliyyəti dayandırıldı, İvanaşviliyə və digər dövlət üzvlərinə qarşı müəyyən sanksiyalar tətbiq olundu. Ancaq Gürcüstanın gələcəyini daha çox Trampın münasibəti müəyyən edəcək. Müxalifətin ümidləri nəyədir? Müxalifət düşünür ki, “Gürcü arzusu” daha çox Rusiyanın arzularını reallaşdırır və bu dövlətin bölgədə nüfuzunun artmasına xidmət edir, bu da, təbii, Trampın xoşuna gələ bilməz. İkincisi, hakim partiya Çinlə yaxın münasibətlər qurur, Çinin təsiri Cənubi Qafqazda artmaqdadır, təbii ki, bu da Trampın xoşuna gələ bilməz. Çünki Çin Trampın əsas rəqib saydığı dövlətdir və elə hakimiyyətə gələn kimi ilk problemlərindən biri Çin mallarıa müəyyən rüsumlar tətbiq etməyi oldu. Digər tərəfdən, “Gürcü arzusu” partiyası və baş nazir İranla da yaxın münasibətlər qurmağa cəhd göstərir, İran prezidentinin inauqurasiya mərasimində şəxsən baş nazir özü iştirak etdi. Bu da, aydındır ki, ABŞ-ın yeni prezidentinin xoşuna gəlməyəcək məsələlərdən birdir. Müxalifət buna çox ümid edir. Hakim partiyanın ümidləri nə ilə bağlıdır? Birincisi, hesab edirlər ki, Trampın cinslərlə, ailə dəyərləri ilə bağlı fikirləri “Gürcü arzusu” partiyasının mövqeyi ilə üst-üstə düşür və bu amil onları yaxınaşdıra bilər. Digər mühüm amil Macarıstan prezidenti Viktor Orbanın “Gürcü arzusu” partiyası ilə yaxın münasibətləridir. Məlumdur ki, Macarıstan prezidenti Trampa ən yaxın olan adamlardan biridir. Ümid edirlər ki, ABŞ-ın yeni prezidenti ilə “Gürcü arzusu” partiyası arasında münasibətlərin yaxşılaşmasında Viktor Orban müəyyən kömək göstərə bilər və “Gürcü arzusu” pariyası buna ümid edir”. 

A.Səmədov qeyd etdi ki, mütəxəssislərin düşüncəsinə görə, Gürcüstan ABŞ-ın prioritetlərindən biri deyil: “Hətta ola bilər, ilk 50-100 prioritet siyahısına da daxil deyil. Çünki elə böyük təbii sərvətləri yoxdur ki, Trampı maraqlandırsın və Trampa təklif ediləcək ciddi iqtisadi layihələr də yoxdur. Ancaq Cənibi Qafqaz uğrunda mübarizədə ABŞ Gürcüstana müəyyən əhəmiyyət verə, onun Rusiyanın tamamilə təsirinə düşməsinin qarşısını almaq üçün müəyyən addımlar ata bilər.  Müxalifətin əsas ümidi də bununla bağlıdır. Hamı gözləyir, həm iqtidar, həm müxalifət. Trampın tutacağı mövqe Gürcüstanın gələcəyinə ciddi şəkildə təsir göstərəcək. Ancaq tamamilə mümkündür ki, o, əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltsin, Gürcüstanla bağlı bundan sonra da konkret fikirlər söyləməsin, bundan da, təbiidir, “Gürcü arzusu” partiyası faydalana bilər. Ancaq əgər Gürcüstan hakimiyyətinə qarşı kəskin addımlar atılsa, Gürcüstanı Qərbin təsir zonasında saxlamaq üçün ciddi qərarlar qəbul olunsa, bu, “Gürcü arzusu” partiyası üçün çətin və həlli mümkünsüz olan problemlər yarada bilər. 

Hər şey yaxın həftələrdə aydınlaşacaq. Gürcüstan cəmiyyəti də gözləyir, Gürcüstanda ABŞ-a böyük ümidlər bağlayan insanlar kifayət qədərdir. Biz də bu gözləntilərin nəticəsinin necə olacağını gözləmək məcburiyyətindəyik. Tramp müxalifətin istədiyi kimi hərəkət edəcək, yoxsa hakimiyyətə yaxın mövqemi tutacaq? Bu yanaşma Gürcüstanın gələcəyinə ciddi şəkildə təsir göstərəcək”. 

İradə SARIYEVA 





Seçilən
30
baki-xeber.com

1Mənbələr