AZ

"Siemens"in artan I rüb gəlirləri - Hesabat

Almaniya tibbi texnologiya şirkəti "Siemens Healthineers" bu gün analitik gözləntiləri üstələyərək I rübdə gəlirlərinin 5,5 % artdığını bildirib.

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, ABŞ bazarındakı gəliri 16 % yüksəlsə də, Çindən əldə olunan gəlir "müştəri sifarişlərinin davamlı gecikməsi" səbəbindən 6 % azalıb.  

Səhiyyə texnologiyaları sektorundakı digər şirkətlər kimi, "Siemens Healthineers" də Çində aparılan korrupsiyaya qarşı kampaniyadan dolayı çətinliklərlə üzləşir. Xəstəxanalar avadanlıq sifarişlərini azaltdıqca, bu bazarda şirkətin böyüməsi ləngiyib.  

Yanvarda Avropa Komissiyası müəyyən edib ki, Avropa İttifaqının tibbi avadanlıq tədarükçüləri Çinin dövlət tenderlərində ədalətli imkanlara malik deyillər.  

Şirkətin maliyyə direktoru Yoxen Şmits jurnalistlərə açıqlamasında "Çin satışlarında orta və yüksək faiz aralığında azalma gözlədiklərini, lakin növbəti rüblərdə sabit tendensiyanın müşahidə olunacağını" bildirib.  

Maliyyə nəticələri və proqnoz  

Şirkətin I rüb üzrə gəliri 5,48 milyard avroya (5,69 milyard dollar) çatıb ki, bu da illik 5,9 % artım deməkdir və analitiklərin "Vara Research" tərəfindən hazırlanmış proqnozundakı 5,37 milyard avro göstəricisini üstələyib.  

"Siemens Healthineers" açıqlamasında  II rübdə illik gəlir artımının 5%-6% diapazonunun aşağı həddində olacağını gözlədiyini, lakin illik proqnozunu dəyişmədiyini təsdiqləyib.  

ABŞ ticarət tariflərinin təsiri  

Şirkətin baş icraçı direktoru Bernd Montag ABŞ-nin mümkün ticarət tariflərinə toxunaraq qeyd edib: "Qlobal ticarət axınının pozulması ilə bağlı narahatlığı bölüşürük və vəziyyəti yaxından izləyirik". O əlavə edib ki, "ümumilikdə səhiyyə və tibbi texnologiyalar sektorunda risk səviyyəsi digər sahələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır".  

Dörd əsas bölməsindən ikisinin ABŞ-də baş ofisi yerləşən Almaniya şirkəti, Meksika və Kanadadan idxala qoyula biləcək tariflərin "cüzi təsir edəcəyini", Çindən idxal edilən məhsullara tətbiq olunacaq tariflərin isə "daha da az təsir göstərəcəyini" bildirib.  

Ümumilikdə, şirkət qeyd edib ki, "qarşıdan gələn çətinliklər məhdud olacaq və idarəolunan səviyyədə qalacaq", həmçinin güclənən ABŞ dollarının şirkətin fəaliyyətinə müsbət təsir edəcəyini gözlədiyini əlavə edib.  

Rəhim

Seçilən
60
valyuta.az

1Mənbələr