![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/neft-qaz.webp)
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən, bir çox sahələrdə olduğu kimi, ticarət sahəsində də ciddi dəyişikliklərə imza atıb.
O, ticarət siyasətini, xüsusilə digər ölkələrlə olan ticarət münasibətlərini yenidən qurmaq və Amerika iqtisadiyyatını gücləndirməyi prioritet kimi dəyərləndirir. Bu səbəbdən dollar bahalaşmağa, neft isə ucuzlaşmağa başlayıb. Görəsən, bu siyasət Azərbaycana necə təsir edəcək?
Aydın Hüseynov: “Azərbaycan həyata keçirdiyi dövlət siyasəti ilə iqtisadi proseslərdə qabaqlayıcı addımlar atmağı və böyük itkilərdən sığortalanmağı bacarır”
Milli Məclisin deputatı Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Trampın iqtisadi islahatları barədə dünya hələ o Ağ Evdə fəaliyyətə başlamasından əvvəl məlumat almışdı. Prezident seçiləcəyi halda hansı addımlar atacağı barədə seçki marafonu zamanı açıq mesajlar verirdi: “Sanki hər kəsi buna hazır olmağa çağırırdı. Düzdür, Tramp həm də biznes adamıdır, hər zaman qazanmağı hədəfləyir. Onun planında əsas yeri amerikalıların qazanması tutur. İdxal-ixrac prosesində tətbiq edilən əlavə faizlər də ABŞ sakinlərinin və dövlətin daha çox qazanacağına hədəflənib. Bu gün artıq bu gözləntilərin bir qismi gerçəkləşməyə başlayıb”.
Millət vəkilinin sözlərinə görə, Trampın hakimiyyətə gəlişindən sonra yeni tariflərin tətbiqi səbəbindən ABŞ-da inflyasiya yüksələ bilər. Bunlar isə qiymət və əmək haqlarının artmasına səbəb olacaq: “Adekvat olaraq Avropa iqtisadiyyatının yavaşlayacağı proqnozlaşdırılır. Çünki Avropadan olan iri ixracatçılar üçün ABŞ bazarı çox vacibdir. Kanada və Meksikadan idxal edilən mallara 25, Çindən idxal edilən mallarasa 10% rüsum tətbiq olunması haqda fərman imzalanıb. Bu sənədin qüvvəyə minməsindən sonra sözügedən üç ölkənin necə reaksiya göstərəcəkləri də maraq doğurur. Trampa görə, neftin hazırkı qiymət səviyyəsi yüksəkdir. O, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollardan yuxarıda saxlamaqda günahlandırıb. Yeni prezident düşünür ki, ABŞ-ın imkanlarından, maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoyulmalıdır. Baş verəcək hadisələrdən Azərbaycan qazanacaq, yoxsa itirəcək, manata hansısa təsirlər olacaqmı? Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, bu da dünya bazarlarında yaranan dalğalanmalara qarşı dayanıqlılığı təmin edə bilir. Qlobal siyasi proseslər fonunda baş verən kataklizmlər bütün ölkələrə təsir edir. Amma təsirlərin də ölçüsü var. Azərbaycan həyata keçirdiyi dövlət siyasəti ilə iqtisadi proseslərdə qabaqlayıcı addımlar atmağı və böyük itkilərdən sığortalanmağı bacarır. Azərbaycan manatı dünyada ən dəyərli valyutalardan biridir. Manatın dəyərinin belə yüksək formalaşması ölkənin dinamik inkişafına, iqtisadi göstəricilərinə, ümum daxili məhsulun artım tempinə görədir. Azərbaycan milli valyutasının dəyəri əmək məhsuldarlığının artması hesabına da baş verir. Son illər qeyri-neft sektorunda dayanıqlı artım tempi müşahidə olunur”.
Ilham Şaban: “ABŞ-də atılacaq addımların, verilən bəyanatların dünyamızın iqtisadiyyatına da, siyasətinə də çox böyük təsirləri var”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ-də atılacaq addımların, verilən bəyanatların dünyamızın iqtisadiyyatına da, siyasətinə də çox böyük təsirləri var: “Donald Tramp ABŞ prezidenti kimi and içərkən ölkə siyasətində mühüm dəyişikliklərin təşəbbüskarı olduğunu dedi, "qara qızıl"ın onun rəhbərliyi zamanı dünyanın əsas enerji daşıyıcısı kimi qaldığını vurğuladı. Trampın addımları qlobal bazarlara, yaşıl enerjinin inkişafına da təsirsiz ötüşmədi. Enerji siyasətində əsas dəyişikliklər neft və qaz hasilatında ABŞ-nin dünya liderliyinin qorunmasına yönəlib. Tramp ənənəvi enerji daşıyıcıları hasilatının stimullaşdırılmasına, o cümlədən federal ərazilərdə qazma işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına yönəlik sərəncamlar imzaladı. Bundan əlavə mayeləşdirilmiş təbii qazın ixracına qoyulan moratoriumu da aradan qaldırdı. Bununla da, ABŞ qazının qlobal bazarlara tədarükünün artırılmasını stimullaşdırdı. Ağ Evdə həyata keçirilən enerji siyasəti qlobal bazarlara da təsirsiz ötüşmədi. Neft bazarlarında qiymətin az da olsa enməsi müşahidə olunmağa başladı. Ötən günlərdə "Brend" markalı neft son 6 ayda ilk dəfə ən bahalı səviyyədə - bir barel üçün 82 dollara satılsa da, Trampın andiçməsindən sonra enişə başladı və 78 dollaradək ucuzlaşdı. Tramp deyir ki, ölkəsində neftin bahalı olması yüksək inflyasiyaya səbəb olur. Bunu aradan qaldırmaq üçün bazarda daha ucuz enerjinin əldə edilməsi vacibdir. Bu baxımdan neftin hasilatının artırılması üçün nə lazımdırsa, edir. Sərəncamlar verir, stimullaşdırıcı direktivlər təsdiqləyir və s. Bununla hasilatın daha 3 milyon barrel artırılacağını hədəfləyir”.
Günel CƏLİLOVA