AZ

Təyyarəmizin “qara qutu” xəbərlərinə Rusiyadan hörmətsiz reaksiya- elə aşkar şeylər inkar edilir ki...

Image

Ramil Məmmədli: “Rusiya təyyarəni vurmaqla səhvini etiraf edib üzr istəmək əvəzinə...”

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". 

Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir. “Rosaviasiya”da qeyd ediblər ki, komissiyanın işi davam etdiriləcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq. Rusiya tərəfi etiraf edir ki, "xarici təsir" nəticəsində təyyarəyə ziyan dəyib. Lakin hesabatda deyilmir ki, xarici əşyalar identifikasiya edilib: “Təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda təyyarədə yad obyektlərin identifikasiya olunduğu deyilmir. Rusiya Federasiyasının da indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib”. “Rosaviasiya” onu da qeyd edir ki,  təyyarənin ekipajı Aktau aerodromunu seçib, baxmayaraq ki, nəzarətçilər Minvodı və Mahaçqalanı təklif ediblər. Quşlarla toqquşma və oksigen balonunun partlaması barədə xəbərlərə gəlincə, bu versiyaları da pilotlar irəli sürüblər.

Ancaq qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında dərc olunan məqamlar onu göstərir ki, təyyarə vurulub. Hesabatda qeyd edilir ki, təyyarə Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılığı ilə əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydə alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. 

Hesabatda qeyd edilib ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunaraq foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Bu, əslində o deməkdir ki, atılan raket mərmisindən təyyarə o günə düşüb. Yoxsa yerdən daş atmaq mümkün deyil ki, deyəsən daşla vurulub. Quş sürüsünün isə toqquşduğu halda bu cür xəsarət yetirməsi mümkünsüzdür. Üstəlik, hesabatda deyilir ki, ilkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. 

Digər tərəfdən hesabatda deyilir ki, hava gəmisi qalıqlarının kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılır. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Kovyor” əməliyyatı barədə Qroznıya məlumat verir. Məlum olur ki, təyyarə vurulandan 8 dəqiqə sonra “Kovyor” rejimiinə keçməklə bağlı xəbərdarlıq edilib. Yəni mülki təyyarələr uça bilməz. Bu, apaçıq təyyarənin vurulmasını sübut edir. Üstəlik, oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. 

Görünən odur ki, Rusiya bütün vasitələrlə bir sıra məsələləri malalamaq istəyir. Məsələn, deyirlər ki, xarici əşyalar identifikasiya üçün Rusiyaya verilməyib. Halbuki, təyyarədə zərbədən sonra aşkar olunan əşyalar real əşyayi-dəlildir. Bunların identifikasiyasına nə ehtiyac var?

“Ortada bununla bağlı ardıcıl xronoloji faktlar olsa da, bunu görməzdən gəlirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, hesabatda kifayət qədər faktlar öz əksini tapdığı halda “Rosaviasiya” bunları danmaqla məşğuldur: “Bu, sadəcə biabırçılıqdır. Rusiyanın zatən imici dünyada pis durumdadır. Rusiya təyyarəni vurmaqla səhvini etiraf edib üzr istəmək əvəzinə, mücərrəd açıqlamalar verməklə özünü gülünc duruma salır. Birincisi, hesabatda məhz xarici müdaxilə öz təsdiqini tapıb. Bütün sübutlar onu göstərir ki, təyyarə Rusiya üzərində xarici zərbəyə məruz qalıb. Özü də bir neçə dəfə. İkincisi, təsdiqlənib ki, hadisəyə qədər təyyarədə heç bir texniki nasazlıq olmayıb. Çünki təyyarə müasir tələblərə cavab verən avialayner olub. Bu, çox önəmli faktdır. Çünki hansısa texniki nasazlıq olsaydı, dərhal Rusiya tərəfi bunu əlində bayraq edib məsələyə başqa don geydirərdi. Ən başlıca fakt isə odur ki, “Kovyor” əməliyyatı haqda ilk xəbərdarlıq təyyarə vurulandan 8 dəqiqə sonra verilib. Ortada bununla bağlı ardıcıl xronoloji faktlar olsa da, bunu görməzdən gəlirlər. Bütün bunları görməzdən gəlib əsassız fərziyyələr ortaya atmaq cəhdləri isə dünyada Rusiyaya olan inamı daha da sarsıdacaq”.

Vidadi ORDAHALLI





Seçilən
20
baki-xeber.com

1Mənbələr