AZ

Qəzzaya sahiblənmək iştahı ABŞ-ı dünya ilə üz-üzə qoydu…

Image

Fələstinlilərin Qəzzadan köçürülməsi və ABŞ-ın əraziyə nəzarəti ələ keçirməsinə dair ölkə prezidenti Donald Trampın təklifi bütün dünyada güclü reaksiya doğurub. Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib: “ABŞ Qəzza zolağına nəzarəti ələ keçirib məsələni çözəcək. Ora bizə aid olacaq”. 

İlk dəfə ötən ay səsləndirilən bu radikal təklifin necə işləyəcəyi, o sıradan ABŞ-ın hansı yetkiylə Qəzza zolağına nəzarəti ələ keçirəcəyi, yaxud 2.3 milyon sakinin necə köçürüləcəyi ilə bağlı ayrıntılar bilinmir. Yaxın Şərqlə bağlı xarici siyasət sahəsində ixtisaslaşan bir çox təcrübəli ekspert bu planın işləməsinin mümkün olmadığını deyir və ABŞ administrasiyasına öz mövqeyini dəyişməsini məsləhət görür. Praqadakı Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Azriel Bermantqeyd edir: “Bunun heç bir gerçək perspektivi yoxdur. Düşünürəm ki, administrasiya önündəki dirənişi görərkən, bütün bu məsələdən geri çəkiləcək”. Təklifin İsraillə HƏMAS arasında əldə edilən kövrək atəşkəs razılaşmasına zərər vurması riski ilə bağlı narahatlıq da var. Ötən ay qüvvəyə minən çoxmərhələli atəşkəs razılaşması bir ildən çox sürən savaşı müvəqqəti dayandırıb və israilli girovlarla fələstinli məhbusların azad edilməsinə yol açıb. Bermant qeyd edir: “Narahatlıq bundan ibarətdir ki, Trampın təklifi qalan girovların buraxılması imkanlarına ziyan vura bilər”. Atəşkəs razılaşmasının ikinci mərhələsində müharibənin tam dayandırılması nəzərdə tutulsa da, bununla bağlı ayrıntıların razılaşdırılması və gerçəkləşdirilməsi üçün danışıqlar hələ başlanmayıb. Bermant deyir ki, bu təklif atəşkəsin ikinci mərhələsinə dair razılığa gəlinməsini və şərtlərin yerinə yetirilməsini əngəlləyə bilər. Nüfuzlu, o cümlədən İsraillə münasibətlərini normallaşdıran ərəb dövlətləri Trampın bu yaxınlarda Misir və İordaniyadan Qəzza sakinlərini qəbul etmələri ilə bağlı tələbinə birgə etirazını dilə gətirib. İndi də Tramp qəzzalıların köçürülməsi bir yana, üstəlik, ABŞ-nin Qəzza üzərində nəzarəti ələ keçirərək buranı “Yaxın Şərqin Rivyerası”na çevirmək istədiyini deyir. Fələstin lideri Mahmud Abbas Trampın təklifini rədd edərək deyib ki, fələstinlilərin legitim hüquqları danışıq mövzusu deyil.

ABŞ-ın istər müttəfiqləri, istərsə düşmənləri də bu planı tənqid edib və İsraillə birlikdə müstəqil Fələstin dövlətinin də yaradılması barədə çağırışlarını təkrarlayıblar. Fransanın xarici işlər naziri bildirib ki, fələstinlilərin köçürülməsi ciddi beynəlxalq hüquq pozuntusu olardı. O deyib ki, Qəzzaya üçüncü dövlət nəzarət edə bilməz. Adətən, Trampla yaxşı münasibətləri olan Səudiyyə Ərəbistanının rəsmiləri də Şərqi Qüds paytaxt olmaqla suveren Fələstin dövləti olmadan İsraillə diplomatik münasibətlər qurmayacaqlarına dair xəbərdarlıq ediblər. Tramp bölgənin güclü dövləti olan Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasına dair “İbrahim razılaşmaları”nı imzalayan Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə qoşulmasını istəyir. Ancaq onun Qəzzaya dair bu son təklifi fonunda bu prosesin irəli getməsi çətin görünür. Çin və Rusiya da fələstinlilərin zorla köçürülməsi təklifinə etiraz edib. BMT-nin rəqəmlərinə görə, hazırda İordaniyada rəsmən qeydiyyatdan keçmiş 2.4 milyon Fələstin qaçqını yaşayır. Yerlərindən didərgin salınan bu insanlar beynəlxalq hüquq çərçivəsində öz hüquqları uğrunda mübarizə aparırlar. Misirdə yaşayan Fələstin qaçqınları barədə yetərli rəsmi bilgi yoxdur. Ancaq hesabatlarda deyilir ki, savaşın başlandığı 2023-cü ilin oktyabrından bəri Qəzzanın azı 115 min sakini sərhəddən Misir ərazisinə keçib. Trampın planının Netanyahu kabinetindəki sərt xətt tərəfdarlarını və bir çox İsrail vətəndaşını məmnun edəcəyinə şübhə yoxdur. Bəziləri bu addımın İsrailin güvənliyi baxımından vacib olduğunu, bəziləri isə Qəzzanın dağıdılmasından sonra qayıtmağa ev-eşiyi qalmamış əhali üçün bunun, bəlkə də, ən humanitar çözüm yolu olduğunu düşünür. Ancaq iki dövlətli çözümü dəstəkləyən mötədil israillilər bu addımın ağır nəticələrinin olacağından narahatdırlar. Müxalifət lideri və keçmiş baş nazir Yair Lapid bu təklifi nəticələrini öncədən görməyin çətin olduğu bomba atışına bənzədib. ABŞ 1990-cı illərdə imzalanan Oslo razılaşmalarından bəri iki dövlət yolunu fəal şəkildə dəstəkləyib. Oslo sazişinə görə, həm Qəzza, həm də İordan çayının Qərb sahili Fələstin dövlətinin tərkib hissəsi sayılır. O zamandan bəri bütün ABŞ administrasiyaları iki dövlət yolunu dəstəkləyib. Ancaq Tramp ABŞ-nin uzun zamandan bəri sürən bu siyasətini dəyişmək niyyətinə düşüb. Tramp İsrailin Qərb sahilini ilhaq etməsini dəstəklədiyi ilə bağlı açıq fikir bildirməyib. Ancaq fevralın 4-də ona bu haqda sual veriləndə İsrailin torpaq baxımından kiçik ölkə olduğunu deyib. Bermant qeyd edib ki, Trampın Qəzza təklifinin gerçəkləşmə ehtimalı çox azdır. Onun sözlərinə görə, Netanyahu hökumətinin Qərb sahilini ilhaq etməsinə ABŞ prezidentinin imkan verib-verməməsi daha böyük narahatlıq doğurur: “Bu, ABŞ siyasətində ciddi dəyişiklik olardı”. Belə bir vaxtda N12 telekanalı məlumat yayıb ki, Vaşinqton Administrasiyası Qəzza zolağının sakinlərini Somalinin Puntlend, Somalilend əyalətlərinə və Mərakeşə köçürməyi düşünür. Məlumata görə, Mərakeş və Somalinin yarım muxtar bölgələri ABŞ-nin dəstəyinə çox ehtiyac duyurlar, buna görə də onları prezident Donald Trampın təşəbbüsünü dəstəkləməyə razı salmaq daha asan olacaq.

Ramil QULİYEV





Seçilən
21
baki-xeber.com

1Mənbələr