Mətin Məmmədli: “Senatda keçirilən tədbir bir daha onu göstərir ki, Fransadakı hakim dairələr bitmiş münaqişəni yenidən dirçəltməyə cəhd edirlər”
Fransa hökumətinin Azərbaycana qarşı qərəzli və düşmən siyasəti “ənənəyə” çevrilib. Bilirik ki, Makron hakimiyyəti vaxtaşırı olaraq Fransa Senatının əli ilə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edir, senatda antiazərbaycan sənədləri qəbul olunur.
Azərbaycan tərəfin xəbərdarlıqlarına, etirazlarına baxmayaraq, Fransa Senatı ölkəmizin daxili işlərinə qarışmaqdan heç cür əl çəkmək istəmir. İndi də “Ermənistanda sülh naminə konsert” assosiasiyasının təşəbbüsü ilə Fransa Senatında “Ermənistan xalqı və onların öz torpaqlarına qayıtmaq hüququ” mövzusunda konfrans keçirilib.
Ölkəmizə qarşı keçirilən bu bədnam konfransa Fransa-Ermənistan Dostluq Qrupu Komitəsinin üzvü olan Respublikaçılar Partiyasından senator Mari-Dau Aeschlimanın assosiasiya nümayəndələrini müzakirə üçün Senata dəvət etdiyi bildirilir. Məqsədləri mövcud olmayan “Dağlıq Qarabağ” məsələsini “ictimai müzakirələrin mərkəzinə qoymaqdır”.
Konfransda adı rüşvət almaqda, pullu xidmətlər göstərməkdə, müxtəlif çirkin əməllərdə hallanan, ofşor bataqlığında, gizli əlaqələrdə birbaşa iştirakı olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da iştirak edib, Azərbaycana qarşı qərəzli fikirlər bildirib. Senatda ermənilərin Qarabağa “təhlükəsiz qayıtmaq və DQR-in tanınması hüquqları müzakirə olunub”.
Ermənipərəst qüvvələr unudurlar ki, siyasi leksikonda “Dağlıq Qarabağ” deyilən bir ifadə yoxdur, ermənilər də Azərbaycan ərazisini könüllü tərk ediblər, artıq məhv olmuş, sıradan çıxarılmış, tarixin zibilliyinə atılmış cinayətkar rejimin də “dirildilməsinə” cəhdlər boş və mənasızdır.
“Bu siyasətdən imtina etmək niyyəti yoxdur”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli “Bakı-Xəbər”ə “Senatda keçirilən tədbir bir daha onu göstərir ki, Fransadakı hakim dairələr bitmiş münaqişəni yenidən dirçəltməyə cəhd edirlər. Fransa Senatında belə bir tədbir keçirməkdə əsas məqsədlərindən məhz biri budur. Bütövlükdə, bu tədbirin keçirilməsi həm də onu göstərir ki, Fransanın bizim haqlı olaraq qərəzli, ədalətsiz hesab etdiyimiz, Ermənistan mərkəzli siyasət kimi qəbul olunan bu siyasətdən imtina etmək niyyəti yoxdur. Bu siyasəti davam etdirməyə çalışır. Məqsəd nədir? Dediyimiz kimi, keçmiş münaqişəni yenidən aktuallaşdırmaq və gündəmə gətirmək, bununla Azərbaycana təzyiq göstərmək, bütün bunların fonunda regionda mövqeyini gücləndirmək”-deyə bildirdi.
M.Məmmədli qeyd etdi ki, burda Ermənistan və erməni kartı vasitəsilə Fransanın regionda maraqlarını, mövqeyini gücləndirmək niyyətindən söhbət gedir. “Hesab edirəm ki, Fransanın bu siyasəti bugünə qədər hər hansı bir nəticə verməyib, bundan sonra da nəticə verəcəyi gözlənilmir. Nəyə görə gözlənilmir? Çünki regionun öz reallıqları var. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni geosiyasi reallıqlar formalaşıb, Azərbaycan bölgənin lider dövlətidir, bütün kreteriyalarına görə aparıcı dövlətidir. Belə bir dövləti kənara qoyub bu dövlətə qarşı siyasət həyata keçirməklə bölgədə maraqlarını təmin etmək mümkün deyil. Bu reallığı nə qədər Fransa hökuməti dərk etsə bir o qədər onların maraqlarına uyğun olar. Bütövlükdə bu ölkə nə qədər tez rasional siyasət həyata keçirərsə o qədər də bölgədə sülhə xidmət etmiş olar. Amma hələ ki, biz Makron hökumətindən bunların əksini görürük. Onlar bölgədə yeni münaqişə risqi yaradırlar, sülhə, əminamanlığa, dincliyə neqativ təsir göstərirlər” - deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA