![Soyuq hava təzyiqi](https://e-saglam.az/storage/news/middle/images/2025/2/soyuq-hava-tezyiqi-qaldirirmi.jpg)
Soyuq hava qan təzyiqinə birbaşa təsir göstərən amillərdən biridir. Havanın temperaturunun düşməsi damarların daralmasına səbəb olaraq təzyiqin yüksəlməsinə gətirib çıxarır.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az bildirir ki, araşdırmalara görə, hər 10 dərəcə temperatur azaldıqda sistolik təzyiq təxminən 1,8-2 mmHg artır. Bu artım xüsusilə yaşlı insanlarda və ürək-damar xəstəlikləri olanlarda daha qabarıq şəkildə özünü büruzə verir.
Soyuq havalarda insanların açıq havaya çıxmaqdan çəkinməsi fiziki aktivliyi azaldır ki, bu da təzyiq səviyyəsinə mənfi təsir göstərir. Hərəkətsizlik qan dövranının zəifləməsinə və təzyiqin yüksəlməsinə səbəb olur.
Bu səbəbdən hipertoniya xəstələri qış aylarında bəzi önləyici tədbirlər görməlidir. İlk növbədə, bədən temperaturunu qoruyacaq geyimlər geyinmək vacibdir.
Xüsusilə çölə çıxarkən qalın geyinmək, papaq və əlcək taxmaq orqanizmi soyuğun təsirindən qorumağa kömək edir.
Duz istehlakı məhdudlaşdırılmalı və sağlam, balanslı qidalanma rejiminə əməl olunmalıdır. İşlənmiş və duzlu qidalardan uzaq durmaq təzyiq səviyyəsinin sabit qalmasına kömək edir.
Fiziki aktivliyin azalmasının qarşısını almaq üçün ev şəraitində yüngül idman hərəkətləri edilməlidir. Hətta qısa gəzintilər belə qan dövranını yaxşılaşdıraraq təzyiqin tənzimlənməsinə dəstək olur.
Siqaret və spirtli içkilərdən uzaq durmaq da təzyiqin nəzarətdə saxlanmasına kömək edən vacib amillərdən biridir.
Kifayət qədər yuxu almaq və stressi idarə etmək hipertoniya ilə mübarizədə mühüm rol oynayır.
Bundan əlavə, təzyiq xəstələri müntəzəm olaraq dərmanlarını qəbul etməli və həkim nəzarətində olmalıdırlar.
Qan təzyiqini davamlı şəkildə izləmək və qəfil dəyişikliklər zamanı həkimə müraciət etmək sağlamlığı qorumaq üçün vacibdir.
Qış aylarında hipertoniya xəstələri bu qaydalara riayət edərək təzyiq səviyyəsini normada saxlaya bilərlər.
Tərcümə: Könül Oruc