AZ

Trampın "Qəzza Arzusu": ABŞ lideri istəyinə çata biləcək? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp öz istəkləri ilə yenə də təəccübləndirməyə davam edir. O, daha öncə Ukraynadan torpaq metallar istəmişdi. Bu dəfə isə Qəzzanı istəyir. Bəli, ABŞ lideri müharibədən zərər çəkmiş ərazidəki fələstinliləri qonşu İordaniya və Misirə köçməyə məcbur etməklə bağlı əvvəlki açıqlamalarından sonra daha da irəli gedərək, ABŞ-ın Qəzzanı nəzarətə götürməsini istədiyini bildirdi.

“ABŞ Qəzza Zolağına nəzarəti ələ keçirəcək və biz orada işimizi görəcəyik"- deyən Tramp qərarında qəti olduğunu vurğulayıb. O, bu qərarını İsrail baş naziri Benyamin Netanyahu ilə Ağ Evdəki görüşündən sonra etiraf edib. Hətta Netanyahu da onu bu işdə dəstəkləyir. Lakin Netanyahu Trampı Qəzza məsələsində dəstəkləyən yeganə liderdir desək, yanılmış olmarıq hər halda. Çünki, Trampın bəyanatından sonra ölkə liderləri bir-bir Trampın bu ideyasını rədd edir, öz etirazlarını bildirirlər.

Aydın məsələdir ki, Qəzza yerlə-yeksan edilib, əraziyə külli miqdar maliyyə ayrılmalıdır ki, yenidən normal həyat qurulsun. Maraqlıdır görəsən Tramp bunu bacaracaqmı? Həm Qəzzanı ələ keçirib, həm də orada yenidən yaşam üçün normal vəziyyət yarada biləcəkmi? Turkustan.az olaraq suallarımızı politoloq Elxan Şahinoğluya ünvanladıq.

İsrail Qəzzanı dağıdıb, bölgədə sağlam bina qalmayıb, geri qayıdan qəzzalıların harada yaşayacağı bəlli deyil. Qəzza yenidən qurulmalı və buna milyardlarla dollar xərclənməlidir. Əlbəttə, müxtəlif ölkələr Qəzzanın yenidən qurulmasına milyardlarla dollar yatırım ayıra bilərlər. Ancaq yatırım ayıracaq heç bir dövlətin təminatı yoxdur ki, gələcəkdə İsrail ordusu Qəzzada yenidən hərbi əməliyyat keçirməyəcək. Məsələ burasındadır ki, Həmas təşkilatı Qəzzada fəaliyyətini davam etdirəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə yeni qarşıdurma olacaq.

ABŞ Prezidenti Donald Trampın Qəzzanın boşaldılması və yenidən qurulması ideyasının reallaşması perspektivi azdır. Çünki, fələstinlilərin evləri dağılsa belə, onlar Qəzzadan başqa yerə köçmək istəmirlər. Əgər Tramp fələstinlilərin müvəqqəti olaraq başqa yeri köçürüləcəyini və evləri bərpa edildikdən sonra geri qaytarılacağını söyləsəydi, buna hardasa razılaşmaq olardı. Ancaq Ağ Ev sahibinin təklifi tamam fərqlidir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
56
turkustan.az

1Mənbələr