AZ

Azərbaycanda ilk- eyni vaxtda əfv və amnistiya ola bilər...

Image

Səadət Bənənyarlı: “Eyni ildə həm əfv fərmanının, həm amnistiya aktının qəbul edilməsi real deyil”

Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var. Bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub: “Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, indi də həbsdədirlər. Bu Amnistiya Aktının qəbulu onları da sevindirər”.

Son olaraq 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilib. Amnistiya yunan sözü olub, “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbir kimi, bir  qayda  olaraq,   ölkədə iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul   olunur. Görkəmli  dövlət  və  ictimai  xadimlərin   yubileyləri  şərəfinə  amnistiya   aktlarının verilməsi hallarına da təsadüf edilir. Azərbaycan  Konstitusiyasının  95-ci  maddəsinə  əsasən   amnistiya aktlarının qəbulu  Milli Məclisin səlahiyyətinə aiddir.

Bir sözlə, bu il maya kimi həm əfv, həm də amnistiya mümkündür?

“Bir sıra məsələlərə görə əfv fərmanının verilməsini daha məqsədəuyğun hesab edirəm və dəstəkləyirəm”

Sözügedən məsələyə aydınlıq gətirən hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunlardan biri olacaq: “Sözügedən məsələ Prezidentin səlahiyyətində olduğu üçün ölkə başçısı bu qərarı verə bilər. Ancaq eyni ildə həm əfv fərmanının, həm amnistiya aktının qəbul edilməsi real deyil. Bunlardan biri ola bilər. Ancaq hüquq müdafiəçisi olaraq istərdim ki, böyük bir əfv fərmanı olsun. Nəticədə cəmiyyətin, vətəndaşların marağında olan şəxslər azadlığa çıxsın. Necə deyərlər, diqqət mərkəzində olan insanların əfv edilməsi arzuediləndir. O cümlədən, mənim də. Bir sözlə, ikisindən birinin olması daha realdır, nəinki ikisinin. Bir sıra məsələlərə görə əfv fərmanının verilməsini daha məqsədəuyğun hesab edirəm və dəstəkləyirəm. Düzdür, amnistiya aktında daha çox insan azadlığa çıxır, amma elə məhkumlar da var ki, onlara amnistiya aktı şamil olunmur. Ancaq bundan fərqli olaraq, əfv fərmanı olanda Prezident onları əfv edə bilir. Bu səbəbdən əfvi daha məqsədəuyğun hesab edirəm və bunun daha çox tərəfdarıyam”.

Vidadi ORDAHALLI





Seçilən
23
baki-xeber.com

1Mənbələr