AZ

Qurban Qurbanov: “Belə bir şans yarandı, biz də istifadə etdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı komandaya qalib gəldik. Futbolçularımı təbrik edirəm. İkinci hissədəki dəyişikliklər rəqibin oyun sürətini artırdı. Topa o qədər də çox sahib olmaq asan deyildi. Hava şəraiti və meydança amili var idi. Futbolçularım istəkli idilər. Cavab oyunu daha gərgin keçə bilər. Belə soyuq havada stadionda olan hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Qurban Qurbanov Kadi Borgesin komandaya qayıtması, Julio Romaonun getməsinə də münasibət bildirib: “Kadi Borgesi heyətə qatmaq şansı yarandı, biz də istifadə etdik. Həmin komandadan Julio Romaoya bir neçə dəfə təklif gəlmişdi. Belə variant təklif etdilər və razılaşdıq. Kadi lazımlı oyunçudur. Onun gəlməsi xoşdur, hamı tanıyır, hamı sevir. Hər gedən futbolçunun getməsinə üzülürəm. İstərdim ki, Romao da qalsın. Amma son vaxtlar çox təkliflər alıb. Futbolçunu saxlamaq asan olmur. Kadi məsələsi alınmasaydı, bəlkə də razılaşmazdıq. Julionun getməsinə üzülürəm, Kadinin gəlməsinə sevinirəm”.

“Səbail”in məşqçisi Elvin Məmmədov isə uduzduqları oyunla bağlı bunları söyləyib:

“Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. “Qarabağ” həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda da “Qarabağ”la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq.

Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün “Qarabağ”a qarşı layiqli mübarizə apardıq”.

Xatırladaq ki, “Səbail”in baş məşqçisi Cavid Hüseynov cəzalı olduğu üçün oyunu tribunadan izləyib.

Bu komandalar arasındakı cavab matçı fevralın 27-də Tofiq Bəhramov adına Respulika stadionunda keçiriləcək.

Seçilən
80
arena.az

1Mənbələr