Güləş üzrə Azərbaycan millisinin üzvləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən reytinq turnirində daha 2 medal qazanıblar.
Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Belə ki, bu gün Azərbaycanın daha 3 güləşçisi “Zaqreb Open”də mübarizə aparıb.
Sərbəst güləş üzrə yığmamızın 92 kq-da çıxış edən üzvləri fəxri kürsüyə qalxıblar. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəliblər. Yığma üzvləri yarımfinalda qarşılaşıblar. Abubakra 6:5 hesabıyla qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Qadın güləşi üzrə millimizin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.
Xatırladaq ki, Azərbaycan millisinin üzvləri Zaqrebdəki reytinq turnirinin ilk günündə 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanmışdılar.