AZ

Mario Lemina yenidən “Qalatasaray”da

Türkiyə çempionu “Qalatasaray”ın keçmiş dayaq yarımmüdafiəçisi Mario Lemina yenidən Super Liqa klubuna qayıdıb.

Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Qalatasaray” sabiq oyunçusunu İngiltərənin “Vulverhempton” klubundan 2,5 milyon avro müqabilində transfer edib. 31 yaşlı qabonlu futbolçu ilə 1,5 + 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Qalatasaray” Mario Leminanı 2019/2020-ci illər mövsümündə “Sauthempton” klubundan icarəyə götürmüşdü. Həmin vaxt o, Türkiyə nəhənginin heyətində 28 oyuna çıxmış və 1 qolla yadda qalmışdı.

Lemina “Vulverhempton”a 2023-cü ilin yanvarında “Nitsa”dan 11 milyon avro müqabilində keçmişdi. O, İngiltərə klubunun heyətində 77 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Mario Lemina karyerası ərzində “Nitsa”, “Sauthempton”, “Olimpik” (Marsel), “Yuventus”, “Fulhem”, “Loryan” kimi klubların da şərəfini qoruyub. Vaxtilə Fransanın U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçi 2015-ci ildən Qabon millisinə dəvət alır. O, yığmada 32 oyuna 3 qol vurub.

“Qalatasaray” Belçikanın “Genk” klubunun mərkəz müdafiəçisi Karlos Kuestanı da transfer edib. İstanbul təmsilçisi bu transferi 8 milyon avroya rəsmiləşdirib. Kolumbiyadan olan 25 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Karlos Kuesta Kolumbiyanın “Atletiko Nasional” klubunun yetirməsidir. Müdafiəçi 2019-cu ildən “Genk”in uğurları üçün çalışırdı. O, Belçika komandasının heyətində 182 oyuna çıxıb, 4 qol və 1 assistlə yadda qalıb.

Kuesta 2021-ci ilin sentyabrında debüt etdiyi Kolumbiya yığmasında 21 oyun keçirib.

Seçilən
80
arena.az

1Mənbələr