Akif Nəsirli: “Azərbaycanın Rusiyaya ixrac etdiyi kərə yağı ölkə daxilində istehsal olunmur”
Son aylarda Azərbaycanda kərə yağının qiymətində artım müşahidə edilir. Məlumdur ki, Azərbaycan kərə yağında idxaldan asılıdır. Ölkəyə kərə yağının gətirilməsi güzəştli gömrük rüsumları ilə həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, kərə yağının idxalında gömrük rüsumunun 15 faizdən 5 faizə endirilmə müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.
Buna baxmayaraq, ölkəyə idxal edilən yağın qiyməti piştaxtaya çıxana qədər azı iki dəfə artır. Onu da qeyd edək ki, idxalla yanaşı, Azərbaycan kərə yağını ixrac da edir. Azərbaycan, Uruqvay və Argentina ilin əvvəlindən Rusiyaya kərə yağı tədarükünü artırıb. Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında "VetİS" Federal Dövlət İnformasiya Sistemi bu barədə məlumat yayıb. Məlumata görə, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında 150 tona qarşı 649 ton tədarük edib. Argentinadan 200 ton yağ idxal edilib, lakin ötən ilin eyni dövründə bu rəqəm cəmi 50 ton olub.
Qeyd etdiyimiz kimi, Azərbaycan kərə yağı ilə bağlı məsələdə idxaldan asılıdır, belə bir ərəfədə daxili istehsalın ixrac olunması nə dərəcədə düzgündür?
“Azərbaycan sahibkarları ölkəyə idxal edilən kərə yağının üstündə işləyib, ucuz yağlar qatmaqla maya dəyərini aşağı salıb, Azərbaycan məhsuli kimi ixrac edirlər”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın Rusiyaya ixrac etdiyi kərə yağı ölkə daxilində istehsal olunmur. Bu, çox güman ki, tranzit qaydada həyata keçirilir: “Azərbaycan Yeni Zelandiyadan tələbatdan daha çox kərə yağı idxal edib, onu ölkəmizə gətirdikdən sonra Rusiyaya ixrac edir. Burda sahibkarların qazancının nə olacağı sualı ortaya çıxır. Məlumdur ki, ölkəyə külli miqdarda palma yağı idxal edilir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib. Onu da deyim ki, ölkəyə gətirilən kərə yağı daxildə qablaşdırılır. Məsələn, Yeni Zelandiyadan külçə şəklində 50-100 kiloqramlıq yağ gətirilir və həmin məhsul daxildə qablaşdırılır. Yenidən qablaşdırma zamanı həmin kərə yağları müəyyən temperatura qədər əridilir, onların tərkibinə 20-30 faiz palma yağı əlavə edilir. Əlavə edilən palma yağı kərə yağının qiymətini 30-40 faiz ucuzlaşdırır. 9 manata başa gələn yağın tərkibinə 2 manat dəyərində palma yağı vurulur. Beləliklə, həmin yağın maya dəyəri 9 manatdan 6-7 manata düşür. Bu məhsullar da Rusiyaya ixrac edilən zaman azı 12-13 manata satılır. Kərə yağı ixracı ilə məşğul olanlar bu işdən mənfəətlə çıxır”.
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan sahibkarları ölkəyə idxal edilən kərə yağının üstündə işləyib, ucuz yağlar qatmaqla maya dəyərini aşağı salıb, Azərbaycan məhsulu kimi ixrac edirlər.
Günel CƏLİLOVA