Hegemon dövlətlərin nəzarətində olan ayri-ayrı qurumlar zaman-zaman "parçala, hökm sür" siyasətinin aləti olublar. Dövlətləri parçalamaq, millətləri qarşı-qarşıya qoymaq belə qurumların əzəli fəaliyyət prinsipi olub. Məqsəd dövlətlərə siyasi təzyiq göstərməklə iqtisadi divident əldə etməkdən ibarətdir. Belə qurumlardan biri də Amerika Birləşmiş Ştatlarının tabeçiliyində olan USAİD təşkilatıdır ki, dağıdıcılıq, irqçilik fəaliyyəti ilə daim fərqlənib. ABŞ-ın xarici siyasətində "qara yara" olan bu təşkiatın dağıdıcılıq fəaliyyəti keçmiş prezident Baydenin dövründə pik həddinə çatıb. Belə ki, USAİD-in başlıca hədəfi dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışmaq, rəngli inqilablara sponsorluq etmək olub. Hətta, bu məqsədlə ayrı-ayrı media subyektlərinə böyük həcmdə vəsait ayırmaqdan belə çəkinməyib. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə "müstəqil araşdırmalar" sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi bu qurumun əsas fəaliyyətlərindən olub. USAİD-in qaranlıq fəaliyyəti təkcə Baydenin prezidentlik dövrünə təsadüf etmir. Hələ 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bu günə qədər bu praktika davam edir. USAİD ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyib. Ancaq, zaman-zaman onun çirkin fəaliyyəti ifşa olunub, rəhbərlikdə təmsil olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilib. USAİD-in Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verməsi yəqin ki, unuduulmayıb. Bu ifşa həmçinin OCCRP-nin araşdırmalarının nə dərəcədə "ciddi" və "müstəqil" jurnalist araşdırmaları olduğunuı nümayiş etdirir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı da dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda "etnik təmizləmələr" barədə "araşdırmalar" aparması bizə məlumdur. Qurumun beynəlxalq terrorçulara, eləcə də narkotacirlərə kifayət qədər vəsait ayırması barədə məlumat da mütəmadi mətbuatda işıqlandırlıb. USAİD Əfqanıstanda heroin yetişdirilməsinə maliyyə dəstəyi ayırmaqdan belə çəkinməyib. Həmçinin, Soros tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln dollar ayırıb. Qurum bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətləri də özü verib. USAID-in xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsi bu qurumun ABŞ dövlətinə arxalanmasının bariz göstəricisidir. Onun Misir, Ukrayna kimi ölkələrdəki inqilablarda rolu, Gürcüstanda destruktiv fəaliyyəti dünya ictimaiyyətinə bəllidir. Yeri gəlmişkən qeyd edək ki, qurum təcavüzkar dövlət olan Ermənistana xüsusi simpatiyası ilə seçilib. USAİD-nin rəhbəri Samanta Pouerin R.Vardanyanla əməkdaşlığı hələ də müzakirə mövzusu olaraq qalır. Elə bu səbəbdən də S.Pauer və USAİD daim Azərbaycan ərazi bütövlüyünə qarşı fəaliyyətdə bulunub. Məhz bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev hələ dekabrın ortasında Kiselyova müsahibəsində qeyd etmişdi ki, onun fikrincə Tramp USAİD-i qadağan edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməli olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil". İlham Əliyev qeyd edib ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb: "Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq". Nəhayət dövlət başçısının proqnozu indi özünü təsdiqləməkdədir. Belə ki, USAİD rəhbəri, qatı ermənipərəst və Vardanyanın dostu, qurumun milyardlarla vəsaitini şəxsi maraqlarına xərcləyən Samanta Paueri vəzifəsindən kənarlaşdırıldı. Xatırladaq ki, müstəqil siyasət yeritdiyinə görə Azərbaycan daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşib. Lakin, bu təzyiqlər heç zaman Azərbaycanı müstəqil xarici siyasətin yürüdülməsi yolundan döndərməyib. Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31