“Nar Mobile” internet paketinin bitməsi ilə bağlı öz müştərilərinə xəbərdarlıq etmədən abonentin balansını xərcləyib bitirməklə məşğuldur...
Son zamanlar Azərbaycanda xidmət sahəsində çalışan böyük şirkətlərdə öz müştərilərinin cibinə girmək şakəri yaranıb və mən deyərdim bu hətta tendensiya xarakteri almaqdadır.
“Kapital Bank”ın öz müştərilərinə oynadığı oyunlardan sonra indi də “Nar Mobile” (Azerfon MMC) öz müştərilərinin yumşaq desək, balansını “silməklə” məşğuldur.
Bununla bağlı Poliqon-a müraciət edən oxucumuz bildirir ki, əvvəllər internet paketləri bitəndə “Nar Mobile” öz müştərisinə SMS göndərir və internet paketin bitməsi ilə bağlı qarşı tərəfi xəbərdar edirdi.
“Lakin son zamanlar “Nar Mobile” internet paketinin bitməsi ilə bağlı öz müştərilərinə belə bir xəbərdarlıq etmədən abonentin balansını xərcləyib bitirməklə məşğuldur. Sizə göndərdiyim fotodan da görünür ki, “Nar Mobile” mənim balansımı tükətdikdən sonra mənə xəbərdarlıq mesajı göndərib. Bu isə “Nar Mobile”nin öz müştərilərinə qarşı necə davrandığının göstəricisidir”, deyə bizə müraciət edən “Nar Mobile” istifadəçisi yazır.
Qeyd edək ki, redaksiyamızın əməkdaşları da eyni vəziyyətlə üzləşiblər.
Başqa bir istifadəçi isə bizə müraciətində qeyd edib ki, sonincu dəfə xaricdə olarkən Rouminq paketi bitdiyinə görə təqribən bir saat müddətində 60 manatdan artıq vəsaiti sərf edilib və “Nar Mobile” ona rouminq paketinin bitməsi ilə bağlı xəbərdarlıq göndərməyib və yaxud da avtomatik olaraq rouminq paketini yeniləməyib.
Poliqon-nun əməkdaşı məsələ ilə bağlı “Nar Mobile”nin mətbuat xidmətinin rəhbəri Hökümə Kərimova ilə əlaqə saxlayıb. Hökümə xanım məsələni araşdırıb bizə məlumat verəcəyini bildirib. Lakin iki gün keçsə də Hökümə xanım susqunluğunu pozmayıb.
Bunun əvəzinə Hökümə xanıma təqdim etdiyimiz telefon nömrəsinə belə bir mesaj gəlib: “Hörmətli Abunəçi, Sizin internet paketi ilə bağlı AZF-257937 nömrəli müraciətiniz qeydiyyata alındı. Anlayışınız üçün təşəkkür edirik. Hörmətlə, Nar”.
Bu qədər...
Poliqon.info