Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Aytən Qurbanova bildirib ki, İranın qeyri-konstruktiv mövqeyi və qərəzli çıxışları münasibətlərə zərbə vurub:
"Azərbaycan-İran münasibətlərindəki gərginlik son bir neçə ildə, daha dəqiq ifadə etsək ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə kuliminasiya nöqtəsinə çatmışdır. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, İranın qeyri-konstruktiv mövqeyinin və qərəzli çıxışlarının ənənəvi münasibətlərə zərbə vurduğunu müşahidə etmək mümkündür. Təbii ki, bu heç bir halda arzuolunan deyil, çünki Azərbaycanın xarici siyasətində bütün dövlətlərlə, xüsusilə də qonşularla hər hansı ziddiyyətli məqamları münaqişəli vəziyyətə çatdırmadan həll etmək və münasibətlərin inkişafı önəmli xarakter daşıyır. Amma təbii ki, bu yanaşma qarşılıqlıq prinsipi əsasında tətbiq edildikdə uğurlu olur. Təəssüflər olsun ki, İran bir çox məqamlarda Azərbaycanın maraqlarını, suverenliyini və ərazi bütövlüyünü hədəf alan mövqe nümayiş etdirərək dəfələrlə xoş niyyətimizi istismar etməyə cəhd etmişdir. Təbii ki, bu çıxışlar da adekvat şəkildə cavablandırılmışdır".
Siyasi şərhçi qeyd edib ki, İran ilə əlaqələrin bərpasında son vaxtlar müsbət irəliləyişlər olsa da, münasibətlərin normallaşması vaxt tələb edən prosesdir.
"İran ilə münasibətlərdə normallaşma və etimadın bərpa olunması dövrü kifayət qədər vaxt tələb edən proses olaraq nəzərdən keçirilir. Amma son bir neçə həftədə müsbət irəliləyişlərin olduğunu demək mümkündür. İstisnasız olaraq onu qeyd etmək lazımdır ki, bu müsbət addımlar cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı açıq və konkret şəkildə ifadə etdiyi önəmli mesajlardan sonra müşahidə edilməyə başlanılıb".
Müsahibimiz sonda əlavə edib ki, Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İrana rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və dövlət başçımız tərəfindən İran prezidenti Məsud Pezeşkianın Azərbaycana dəvət edilməsinin ifadə olunması ikitərəfli münasibətlərdə yumşalma mərhələsinin yaxın ola biləcəyi mesajı kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova